Son illər texnologiyanın sürətli inkişafı insanların həyat tərzini dəyişdirib. Sosial şəbəkələr, qısa videolar və sürətli informasiya axını kitab oxumağa marağı azaldıb. Bir çoxları hesab edir ki, artıq ədəbiyyat əvvəlki kimi insanların diqqətini cəlb etmir və xüsusilə gənclər kitablardan uzaqlaşırlar.
Bəs həqiqətən ədəbiyyat bu gün dəbdən düşüb? İnsanlar niyə kitab oxumağa əvvəlki qədər vaxt ayırmırlar? İnternet və sosial media ədəbiyyata marağı azaldırmı?
Mövzu ilə bağlı tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “AzPolitika”ya açıqlamasında deyib”: “30-35 qoyun, 5-6 inək, 1000-1200 toyuq, 400-dən çox balıq… Bir azərbaycanlı ömür boyu bu qədər heyvanı həzm-rabedən keçirir. Statistika belədi! O hardan vaxt tapıb kitab oxuyacaq?
Dünyaya gəlincə isə… Dünyada ən çox oxunan 10 kitab arasında ilk 2 yeri səmavi kitablar tutmaqdadır: Quran və İncil. Sonluğu isə Freydin “Yuxuyozmalar”ı qapayır. Bədii ədəbiyyat bu qısa siyahıda yer almır: heç bir yazıçı və heç bir şair! Bu qədər kədərli statistika… Ədəbi sehrbazların meydanı ildən-ilə daralmaqdadır. Siyasi-tibbi-iqtisadi-elmi nəşrlərdi Yer kürəsinin ekvator-kəmərini belindən düşməyə qoymayan… Məndən olsa, “Azərbaycan nağılları”, Nizaminin “Xəmsə”si, Ə.Haqverdiyevin hekayəsi, “Əli və Nino”, “Heyvanıstan” romanları, M.Cəlilin “Ölülər” pyesi, L.Tolstoyun “Hacı Murad”ı, F.Dostoyevskinin “İdiot”u, yapon hokkuları, C.Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”ınını həmin listə əlavə edərdim”.
Yazıçı Mirmehdi Ağaoğlu da mövzu ilə bağlı fikirlərini saytımızla bölüşüb. Onun sözlərinə görə, yeni texnologiyalar və sosial media həyatımıza ciddi təsir göstərir:“Yuxu rejimimiz dəyişib, hətta avtomobil idarə edərkən belə diqqətimiz yayınır. Çünki gözümüz daha çox telefonda və sosial mediada qalır. Bu texnoloji yeniliklər həyatımızın bütün sahələrinə təsir edib. Təkcə mütaliəyə deyil, ümumilikdə gündəlik həyat tərzimizə dəyişiklik gətirib.Əlbəttə, kitab oxumaq vərdişimiz də bundan təsirlənib. Əvvəllər insanın 5 saat kitab oxumağa vaxtı var idisə, indi həmin vaxtın 2-3 saatını sosial mediaya ayırır. İnsan həm xəbər almaq, həm informasiya əldə etmək, həm də əylənmək üçün sosial mediada vaxt keçirir və bir də baxır ki, günün xeyli hissəsi orada keçib. Bu isə artıq təbii bir tendensiyaya çevrilib. Üstəlik, bu vəziyyət təkcə Azərbaycanda deyil, dünyanın hər yerində müşahidə olunur”.
Yazıçı qeyd edib ki, bununla yanaşı, sosial medianın müsbət tərəfləri də var: “Sosial media müxtəlif trendlər yaradır və yayır. Son dövrlərdə kitab oxumaqla bağlı yayılan trendlər insanların kitaba marağını müəyyən qədər artırır və bir çox insan bu təşəbbüslərə kütləvi şəkildə qoşulur. Mən istərdim ki, kitab sahəsində fəaliyyət göstərən nəşriyyatlar və mağazalar da sosial medianın imkanlarından daha səmərəli istifadə etsinlər. Bu yolla həm oxucuların diqqətini kitaba yönəltmək, həm də yaranmış müəyyən boşluğu doldurmaq mümkün olar”.





















