ABŞ-ın “The Floridian” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasındakı rolunu yüksək qiymətləndirdiyini yazıb.
Nəşrin məlumatına görə, Prezident İlham Əliyev bu barədə IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı danışıb.
Dövlət başçısı bildirib ki, Donald Tramp administrasiyasının yanaşması əvvəlki ABŞ administrasiyalarının siyasətindən əhəmiyyətli dərəcədə fərqlənirdi.
“Prezident Trampın yanaşması tamamilə fərqli idi. O, sülhə üstünlük verən liderdir. Özünün də qeyd etdiyi kimi, müxtəlif münaqişələrin həllində iştirak edib. Bu, onun xarakterindən, baxışlarından və həyata keçirdiyi siyasətdən irəli gəlir. Bizim vəziyyətimizdə də onun rolu çox mühüm olub”, – deyə Prezident İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, Donald Tramp və komandası danışıqlar prosesinin yekun mərhələsində fəal iştirak edərək sülh razılaşmasının əldə olunmasına mühüm töhfə veriblər.
“Prezident Tramp və komandası prosesə qoşularaq sülhün əldə olunmasına imkan yaradan əsasları formalaşdırdılar. Onlar sülhlə bağlı narahatlıqlarımızı tam şəkildə başa düşürdülər”, – deyə dövlət başçısı vurğulayıb.
“The Floridian” nəşri, həmçinin Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə keçirilmiş görüşü xatırladıb.
Məqalədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mastın da fikirlərinə yer verilib. O bildirib ki, Donald Trampın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri qətiyyətli mövqe nümayiş etdirməsidir.
Nəşr əlavə edib ki, Donald Tramp administrasiyası 2025-ci ilin avqustunda ABŞ-ın Azərbaycana birbaşa yardımı məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqini dayandırıb.





















