image-media-images-evs0qtbackend

Azərbaycan regionun “orta güc” dövləti rolunda – Tənzilə Rüstəmxanlı yazır

image-ads-728x90

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli hadisədir.

media-whatsapp-image-2025-12-17-at-21-04-54-1

Bunun əsas səbəbi tədbirin Asiya ölkələri arasında dialoqu genişləndirməklə yanaşı, ticarət əlaqələrinin şaxələndirilməsi, investisiyaların cəlb edilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və rəqəmsal bağlantıların gücləndirilməsi üçün əlavə platforma yaratmasıdır.

Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi və 28 dövlətin təmsil olunduğu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub. AQEM Asiyada əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, daha geniş coğrafiyanı əhatə edir. ABŞ, Ukrayna və Belarus kimi Asiya qitəsində yerləşməyən dövlətlər də platformada müşahidəçi statusu ilə təmsil olunurlar.

Azərbaycan sədrliyi dövründə AQEM-in institusional inkişafı məsələsi də xüsusi diqqət mərkəzində olub. 2023-cü ildə qəbul edilmiş “Yol Xəritəsi” əsasında Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata transformasiyası istiqamətində iş aparılır.

Təşkilatın gələcək hüquqi statusunu müəyyənləşdirəcək Nizamnamə layihəsi üzrə danışıqların davam etdirilməsi AQEM-in daha institusional və nəticəyönümlü struktura çevrilməsi baxımından mühüm mərhələdir. Azərbaycan sədrliyinin mühüm istiqamətlərindən biri də AQEM məkanında iqtisadi əməkdaşlığın və biznes əlaqələrinin genişləndirilməsidir.

Ümumiyyətlə, yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib.

Ölkəmizin bu mövqeyi Prezident İlham Əliyevin sammitdəki çıxışında da öz əksini tapıb. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynadığını vurğulayan dövlət başçısı ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığının öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirdiyini qeyd edib.

Prezidentin çıxışında yer alan “Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir” mesajı isə ölkəmizin xarici siyasət kursunun əsas leytmotivi sayıla bilər. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.

Asiya dövlətləri ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Uğurlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməkdədir. Ümumilikdə AQEM Azərbaycan üçün yalnız beynəlxalq təşkilatlardan və ya çoxtərəfli platformalardan biri deyil. O, Asiya ilə daha sıx siyasi, iqtisadi, humanitar və nəqliyyat əlaqələrinin qurulması üçün mühüm imkanlar məkanıdır. Bu baxımdan Bakıda keçirilən Zirvə isə daha güclü, daha institusional və daha nəticəyönümlü AQEM-in formalaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcıdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki