ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Los-Anceles sinifli nüvə enerjisi ilə işləyən sualtı qayıq USS Greeneville Cənubi Koreyanın Busan şəhərində yerləşən hərbi dəniz bazasına daxil olub. Korrekt.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Məlumata görə, sualtı qayıq ehtiyatların artırılması və heyət üzvlərinin istirahəti məqsədilə 23 dekabr tarixində Busan Hərbi Dəniz Bazasının limanına yan alıb.
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, 6,3 min tonluq USS Greeneville-in uzunluğu 110 metr, eni isə 10 metrdir. Sualtı qayığın heyəti 110 nəfərdən ibarətdir. O, Tomahawk tipli dəqiq kruiz raketləri, 12 şaquli buraxılış sistemi, həmçinin torpedalar və dörd torpedo borusu ilə təchiz olunub.
Yonhap-ın məlumatına əsasən, ABŞ sualtı qayığının Cənubi Koreya bazasında olması çərçivəsində iki ölkənin hərbi dəniz qüvvələri arasında təcrübə mübadiləsinin aparılması planlaşdırılır. Bu addımın birgə döyüş imkanlarının daha da gücləndirilməsinə xidmət edəcəyi qeyd olunur.
USS Greeneville iyun ayında vəzifəyə başlayan Cənubi Koreya prezidenti Li Ce Myen dövründə Koreya yarımadasına səfər edən ilk ABŞ nüvə enerjisi ilə işləyən sualtı qayıq olub. Bu sualtı qayıq daha əvvəl Cənubi Koreyaya üç dəfə səfər edib, sonuncu səfər isə 2016-cı ildə baş tutub.
Agentliyin vurğuladığı kimi, ABŞ nüvə sualtı qayığı sonuncu dəfə Cənubi Koreya limanına 10 ay əvvəl, bu ilin fevralında daxil olub. Həmin vaxt Los-Anceles sinifli USS Alexandria sualtı qayığı da təchizat və heyət istirahəti məqsədilə Busan dəniz bazasına gəlib.





















