Qlobal siyasi və iqtisadi sistemdə baş verən dəyişikliklər, beynəlxalq münasibətlərdə güc balansının yenidən formalaşması, regional münaqişələrin yaratdığı çağırışlar dövlətlər arasında etibarlı tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini artırır. Müasir dövrdə beynəlxalq nüfuzunu qorumaq və milli maraqlarını təmin etmək istəyən hər bir dövlət çevik diplomatik strategiyaya, qarşılıqlı etimada və müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarına malik olmalıdır. Azərbaycan bu reallıqları düzgün qiymətləndirərək müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursunu ardıcıl şəkildə həyata keçirir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi də həmin siyasətin mühüm nəticələrindən biridir.
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında əlamətdar hadisədir. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın siyasi-hüquqi çərçivəsini daha da genişləndirir, qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün yeni prioritetlər müəyyənləşdirir. Eyni zamanda, Bəyannamə Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və Avropa dövlətləri ilə əlaqələrinin daha yüksək səviyyəyə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin təməli müstəqilliyimizin ilk illərində qoyulub. 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamənin, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin inkişafında mühüm mərhələlər olub. Sonrakı illərdə enerji, iqtisadiyyat, investisiya və siyasi dialoq sahələrində genişlənən əməkdaşlıq qarşılıqlı münasibətlərin dayanıqlı əsaslarını formalaşdırıb. Yeni Bəyannamə məhz bu tarixi təcrübəyə söykənərək tərəfdaşlığı müasir dövrün tələblərinə uyğun yeni məzmunla zənginləşdirir.
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsiplərini rəhbər tutmasıdır. Ölkəmiz beynəlxalq münasibətlər sistemində öz mövqeyini müstəqil şəkildə müəyyənləşdirir, siyasi qərarlarını milli inkişaf strategiyasına və dövlətçilik maraqlarına uyğun qəbul edir. Bu yanaşma Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradıb.
Böyük Britaniya ilə imzalanmış Birgə Bəyannamədə BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin təsdiqlənməsi xüsusi siyasi məna daşıyır.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın müstəqil xarici siyasət kursunun və qarşılıqlı maraqlara əsaslanan diplomatik münasibətlərinin növbəti təzahürüdür. Ölkəmizlə əməkdaşlıq aparıcı dövlətlər üçün yalnız mövcud iqtisadi imkanlar baxımından deyil, həm də regional və beynəlxalq proseslərdə Azərbaycanın artan rolu baxımından əhəmiyyətlidir.
Bəyannamədə regional sülh və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılması Azərbaycanın yeni geosiyasi reallıqların formalaşmasındakı rolunu bir daha ön plana çıxarır. 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul olunmuş Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması regionun gələcək inkişafı baxımından mühüm siyasi mesajdır.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Xüsusilə enerji sektorunda uzun illər ərzində formalaşmış əlaqələr iki ölkənin iqtisadi münasibətlərinin əsas komponentlərindən birini təşkil edir. Böyük Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı, ölkəmizə yönələn investisiyalar və həyata keçirilən birgə layihələr qarşılıqlı iqtisadi maraqların möhkəm əsaslara söykəndiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin Dublin görüşündə Böyük Britaniyanın Azərbaycanın Avropada ən böyük investorlarından biri olduğunu vurğulaması bu əməkdaşlığın miqyasını və əhəmiyyətini ifadə edir. 30 ildən artıq müddətdə formalaşmış enerji tərəfdaşlığı ikitərəfli əlaqələrin inkişafında mühüm təcrübə yaradıb. İndi isə həmin təcrübənin iqtisadiyyatın digər sahələrinə də genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Bəyannamədə bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə və kapital bazarları, kiçik və orta biznesin inkişafı kimi istiqamətlərin əhatə olunması iqtisadi münasibətlərin şaxələndirilməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, uzunmüddətli kommersiya tərəfdaşlıqlarının yaradılması yeni iqtisadi imkanlar formalaşdıracaqdır.
Bəyannamədə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemindəki strateji mövqeyinin əhəmiyyətini bir daha təsdiqləyir. Qlobal ticarət marşrutlarının şaxələndirilməsi, beynəlxalq təchizat zəncirlərinin təhlükəsizliyinin təmin olunması və Avropa ilə Asiya arasında etibarlı bağlantıların yaradılması müasir iqtisadiyyatın əsas tələblərindəndir. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, dəniz limanı, dəmir yolları və avtomobil magistralları ölkəmizə mühüm tranzit imkanları qazandırır. Bu imkanların genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində rolunu daha da artırır.
Nəticə etibarilə, noyabrın 12-də Dublində imzalanmış Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcıdır. Sənəd ölkəmizin beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirməklə yanaşı, siyasi nüfuzunun, iqtisadi potensialının və regional mövqelərinin möhkəmlənməsinə xidmət edən mühüm perspektivlər yaradır. Azərbaycanın müstəqil xarici siyasəti, artan beynəlxalq nüfuzu və regional proseslərdə fəal iştirakı Böyük Britaniya ilə strateji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli zəmin formalaşdırır. Bu tərəfdaşlıq qarşılıqlı maraqların uzlaşdırılması, etimadın möhkəmləndirilməsi və konkret nəticələrə hesablanmış əməkdaşlıq modeli kimi həm ikitərəfli münasibətlərə, həm də daha geniş regional və beynəlxalq proseslərə müsbət təsir göstərəcəkdir.
Günel Aslanlı – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi





















