ABŞ İranın Hörmüzqan əyalətinin bir sıra bölgələrinə yeni hava zərbələri endirib.
Yerli mənbələrin məlumatına görə, hücumlar nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
“Tasnim” agentliyinin xəbərinə əsasən, Hörmüzqan əyaləti administrasiyasındakı məlumatlı mənbə axşam saatlarında Qeşm adası da daxil olmaqla bir neçə ərazinin hücuma məruz qaldığını təsdiqləyib. Bildirilib ki, zərbələrdən sonra həmin ərazilərdə ardıcıl partlayış səsləri eşidilib.
Məlumata görə, Bəndər-Ləngə rayonunun Fərur bölgəsində fəaliyyət göstərən MCI (“Hamrah-e Aval”) mobil rabitə operatorunun bir əməkdaşı həyatını itirib, daha iki əməkdaşı isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bununla yanaşı, “Axios” portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirib ki, Amerika hərbçiləri Hörmüz boğazı ətrafında İranın raket sistemləri, hava hücumundan müdafiə kompleksləri və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus katerlərə zərbələr endiriblər.
Daha əvvəl “Fars” agentliyi Bəndər Abbas limanı və Qeşm adası ərazisində bir neçə güclü partlayış səsinin eşidildiyini xəbər vermişdi.
Agentliyin məlumatında qeyd olunub ki, partlayışlar Bəndər Abbasın şərq istiqamətində və Qeşm adasının sahil zonasından eşidilib. Həmçinin adanın cənub hissəsində yaşayan sakinlər də bir neçə partlayış baş verdiyini bildiriblər.
Hadisənin səbəbləri və zərbələrin nəticələri ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumatın veriləcəyi bildirilib.





















