Korrekt.az xəbər verir ki, Ağ Ev ABŞ ordusuna ən azı növbəti iki ay ərzində Venesuela neftinin “karantinə alınmasına” xüsusi diqqət yetirməyi tapşırıb.
Anonim ABŞ rəsmisinin bildirdiyinə görə, bu qərar Prezident Donald Tramp administrasiyasının Karakasa qarşı birbaşa hərbi təzyiqdən daha çox, iqtisadi təzyiq strategiyasına üstünlük verdiyini göstərir. Mənbə qeyd edib ki, görülən tədbirlər Venesuela prezidenti Nikolas Maduro hökumətinə ciddi təsir edir və əgər rəsmi Karakas güzəştə getməzsə, yanvar ayının sonunadək ölkə ağır iqtisadi böhranla üzləşə bilər.
Reuters xatırladır ki, Ağ Ev rəsmisinin işlətdiyi “karantin” termini 1962-ci il Kuba raket böhranı zamanı ABŞ prezidenti Con Kennedi administrasiyasının açıq müharibə elanından yayınmaq üçün istifadə etdiyi ifadəni yada salır.
Agentliyin məlumatına görə, dekabr ayında ABŞ Sahil Mühafizəsi Venesuela nefti daşıyan iki tankeri saxlayıb, üçüncü gəminin isə ələ keçirilməsinə hazırlıq görülür. Tramp administrasiyası Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığında və neft gəlirlərindən “qanunsuz rejimi” maliyyələşdirmək üçün istifadə etməkdə ittiham edir.
Müşahidəçilər hesab edirlər ki, Vaşinqtonun bu addımları regionda gərginliyi daha da artıra və ABŞ–Venesuela münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.





















