ABŞ administrasiyası Ukraynanı ABŞ mətbuatına Donald Trampın 28 bəndlik sülh planı ilə bağlı “mənfi detallar” sızdırmaqda ittiham edib. Korrekt.az xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən mənbələrə istinadən Axios xəbər verib.
Məlumata görə, bazar günü Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüş sülh planı üzrə ən məhsuldar raundlardan biri olub. Dövlət katibi Marko Rubio danışıqlar gününün “indiyədək ən məhsuldar” olduğunu qeyd edib.
Planın Axios tərəfindən dərc edilməsindən sonra tərəflər arasındakı müzakirələr xeyli sürətlənib. ABŞ rəhbərliyi Trampın Ukrayna ilə ilkin razılığın Məşəkkət bayramına (Thanksgiving) qədər əldə olunmasını gözlədiyini bildirib.
Nəşrin məlumatına görə, ABŞ-ın təklif etdiyi plan Ukraynadan aşağıdakı öhdəlikləri nəzərdə tutur:
şərqdə əlavə ərazi güzəştlərinə razılaşmaq;
NATO-ya üzvlükdən imtina etmək;
hərbi cinayətlərdə ittiham olunan ruslara tam amnistiya vermək.
Bunun qarşılığında ABŞ və Avropa ölkələri Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklif edir. Bu mexanizmə görə, Ukraynaya hücum bütün “transatlantik icmaya hücum” kimi qəbul ediləcək.
Danışıqlardan sonra Tramp administrasiyası bəyanat yayaraq, Ukrayna tərəfinin ABŞ-ın təklif etdiyi dəyişiklikləri müsbət qiymətləndirdiyini açıqlayıb:
“Ukrayna nümayəndələri bildirib ki, mövcud layihə onların milli maraqlarını əks etdirir və təhlükəsizliyin təmin olunması üçün etibarlı mexanizmlər yaradır”.
Ağ Ev əlavə edib ki, Kiyevin əsas tələbləri — təhlükəsizlik zəmanətləri, iqtisadi inkişaf, infrastrukturun qorunması, dəniz nəqliyyatı azadlığı və siyasi suverenlik — hərtərəfli nəzərdən keçirilib.
Görüşdə Marko Rubio, Ağ Evin xüsusi elçisi Stiv Uitkoff, ABŞ ordusunun təchizat məsələlərinə cavabdeh nazir Dan Driskoll və Trampın müşaviri Cared Kuşner iştirak ediblər. Onların sözlərinə görə, həll olunmamış məsələlərin siyahısı əhəmiyyətli dərəcədə azalıb.
Axios-un iki mənbəsinin məlumatına görə, optimist açıqlamalara baxmayaraq, günün əvvəlində keçirilən daha gərgin görüşdə ABŞ nümayəndələri Ukraynanı plana dair “mənfi detalların” Amerika mediasına ötürülməsində günahlandırıblar. Mənbə bildirir ki, Kiyev bu məsələni sakitləşdirmək üçün öz nümayəndələrindən birinin müsbət açıqlama verməsi ilə razılaşıb.
Sonradan Ukrayna tərəfi əlavə təkliflər təqdim edib və ABŞ onların bəzi məqamlarını nəzərə almağa hazır olduğunu bildirib.





















