image-fb_img_1792639045984backend

Əliyev–Ərdoğan dostluğu: siyasi fırtınalara qarşı möhkəm iradə

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycan Prezidenti İlham Əliyevə telefon açması və onu Türk Dövlətləri Təşkilatının tədbirinə dəvət etməsi son günlər yaşanan gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır. Bütün baş verənlərə rəğmən, iki lider arasındakı şəxsi münasibətlər, qarşılıqlı etimad və dostluq yaranmış böhranın səngiməsinə, onun həlli istiqamətində mühüm addımların atılmasına zəmin yaratdı.

Bu hadisələr bir daha göstərdi ki, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlər Azərbaycan və Türkiyə dövlətləri arasındakı dostluğun və strateji müttəfiqliyin qorunmasında mühüm rol oynayır. İki liderin siyasi iradəsi və qarşılıqlı etimadı ayrı-ayrı dairələrin yaratmağa çalışdığı gərginliklərin dövlətlərarası münasibətlərə kölgə salmasının qarşısını almaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Baş verənlər Türkiyədə Azərbaycana könüldən bağlı olan milyonlarla türk vətənpərvərinin mövqeyini də bir daha ortaya qoydu. Azərbaycanı hədəfə alan təxribatçıların cavabını məhz Türkiyənin Azərbaycana səmimi qardaşlıq münasibəti bəsləyən insanları verdilər. Bu, xalqlarımız arasındakı mənəvi bağlılığın ayrı-ayrı şəxslərin mövqeyindən və siyasi maraqlarından qat-qat üstün olduğunu göstərən mühüm mesajdır.

Bununla belə, AK Partiyaya yaxın siyasi çevrələrdən dəstək alan bəzi şəxslərin Azərbaycana qarşı sərgilədiyi təhqiramiz və təhdidkar münasibəti də unutmayacağıq. Azərbaycanı, xalqımızı və dövlətimizin rəhbərliyini hədəfə almaq, ölkəmizin suverenliyinə və milli maraqlarına hörmətsizlik nümayiş etdirmək, iki dövlət arasındakı münasibətlərə xələl gətirə biləcək addımlar atmaq qəbuledilməzdir. Əminik ki, Azərbaycanı təhqir və təhdid edən, ölkəmizə qarşı təxribatçı mövqe sərgiləyən şəxslərin əməlləri diqqətdən kənarda qalmayacaq və bu məsələyə münasibətdə müvafiq tədbirlərin görülməsi zərurəti nəzərə alınacaq.

Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin siyasi maraqlarından və müvəqqəti gərginliklərdən daha geniş məna daşıyır. Dövlətlərimizin strateji müttəfiqliyi, xalqlarımızın ortaq tarixi və qarşılıqlı etimadı bu münasibətlərin əsas dayaqlarıdır. Siyasi fırtınalar keçicidir, lakin dövlətlərarası münasibətlərin möhkəmliyi və xalqların səmimi dostluğu uzunmüddətli strateji baxış, qarşılıqlı hörmət və məsuliyyət tələb edir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin gücü də məhz bundadır: dövlətlər ortaq maraqlarını qorumalı, xalqlarımızın qardaşlığına xələl gətirən təxribatlara imkan verilməməli, yaranan çətinliklər isə qarşılıqlı etimad və siyasi iradə ilə aradan qaldırılmalıdır.

Fərid Şahbazlı

Siyasi şərhçi



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki