“The Financial Times”ın məlumatına görə, ABŞ və Avropa rəsmiləri cümə günü axşam saatlarında Kiyevdə ABŞ Prezidentinin “sülh planı” ilə bağlı təcili görüş keçiriblər. Görüş ABŞ-ın Ukraynanı 27 noyabr – Şükran Günü ərəfəsinə qədər yeni planı qəbul etməyə vadar etməsi fonunda baş tutub.
Korrekt.az xəbər verir ki, görüş ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Culi Devisin iqamətgahında keçirilib. Rəsmilər arasında ABŞ nümayəndələri və Avropa diplomatları iştirak edib.
FT-nin mənbələrinə görə, ABŞ administrasiyası danışıqların zaman baxımından məhdud olduğunu bildirərək Ukraynadan planı ən geci cümə axşamına qədər qəbul etməsini tələb edib. Görüşdə iştirak edən ABŞ ordusunun katibi Daniel Driskoll vəziyyəti nikbin qiymətləndirsə də, Vaşinqtonun əlavə güzəştə hazır olmadığını vurğulayıb.
Mənbələrin bildirdiyinə görə, Driskoll görüş zamanı sərt ifadələr işlədib:
“Biz bu axmaqlığa son verməliyik. ABŞ ordusu Ukraynanı dəstəkləyir, amma reallıq budur ki, Ukrayna çox çətin vəziyyətdədir və sülh üçün indi ideal zamandır.”
Rəsmi həmçinin bildirib ki, təhlükəsizlik zəmanətləri planın tərkib hissəsidir və bu məsələ yaxın günlərdə Avropa və Ukrayna liderləri ilə müzakirə olunacaq.
Avropa rəsmiləri görüşün tonunu “gizli” və “şokedici” adlandırıblar. Aİ nümayəndələri ABŞ-ın Zelenskinin daxili korrupsiya qalmaqalları fonunda siyasi zəifliyindən istifadə edərək Kiyevə təzyiq göstərdiyini bildiriblər.
Bəzi Avropa səfirləri ABŞ-ın təklif etdiyi planı “Rusiyanın strateji qələbəsi” kimi qiymətləndiriblər. Devis isə buna cavab olaraq Rusiyanın 2022-ci ildən bəri 1 milyon əsgər itirməsinin “qələbə sayıla bilməyəcəyini” deyib.
Aİ rəsmiləri danışıqların sonunda Rusiyaya qarşı təzyiqin artırılmasına çağırıblar, lakin ABŞ bunun Ukraynanın ala biləcəyi “ən yaxşı təklif” olduğunu bildirib.
Kiyevdəki gərgin danışıqlardan sonra Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 sammitində İtaliyanın baş naziri Corco Meloni, Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında təcili görüş baş tutub. Onların əsas məqsədi Trampın ultimativ müddət tələbini yumşaltmaq yollarını müzakirə etmək olub.
Bloomberg yazır ki, Avropa liderləri hazırda pərdəarxası danışıqlar vasitəsilə plana dəyişikliklər edilməsinə çalışırlar.
“The Telegraph” isə bildirib ki, Tramp və Putin Zelenskidən cümə axşamına qədər planla razılaşmağı tələb ediblər, əks halda Ukraynanın “məğlubiyyət riskinin artacağı” vurğulanıb. Nəşr qeyd edir ki, Avropada heç bir siyasətçi bu planı dəstəkləmir və Ukraynanın taleyinin onun iştirakı olmadan həll edilməsinə qarşı çıxılır.





















