image-1backend

Ağ Ev: ABŞ-ın Ukrayna üzrə sülh planı real vəziyyəti nəzərə alır    

image-ads-728x90

Ağ Ev bildirir ki, Vaşinqtonun Ukraynadakı münaqişənin həlli ilə bağlı hazırladığı yeni plan bölgədə beşillik müharibədən sonra yaranmış real vəziyyəti nəzərə alaraq formalaşdırılıb. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavitt jurnalistlərə açıqlama verib.

Korrekt.az xəbər verir ki, Leavitt Reuters və PBS-ə istinadla deyib: “Plan hər iki tərəfin indiki reallıq fonunda mövcud qazanc və itkilərini balanslaşdırmaq üçün hazırlanıb. Bu, maksimum qazan-qazan modelinə əsaslanan ən optimal variantdır.”

Mətbuat katibinin sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff həm Rusiya, həm də Ukrayna ilə planın detallarını müzakirə edirlər. O bildirib ki, prezident Donald Tramp sənədi tam şəkildə dəstəkləyir.

Leavitt, jurnalistin planın Kiyevdən ciddi güzəştlər tələb etməsi ilə bağlı iradını təkzib edərək qeyd edib ki, danışıqlar “bərabər şərtlər çərçivəsində” aparılır və Rubio ilə Vitkoff ötən həftə Ukrayna nümayəndələri ilə görüşərək planın müddəalarını müzakirə ediblər.

Planın əsas məqamları

Qərb mediasının əldə etdiyi məlumata görə, ABŞ-ın sülh planı aşağıdakı müddəaları əhatə edir:

ABŞ və bir sıra ölkələr Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində faktiki suverenliyini tanıyır;

Ukrayna bu ərazilərdən imtina etməli olur;

Müvafiq olaraq Kiyev ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri alır;

Ukrayna ordusunun çıxarılacağı bölgələrdə demilitarizasiya zonaları yaradılacaq;

Ukrayna Silahlı Qüvvələrinin sayı kəskin şəkildə azaldılacaq və ölkə uzaqmənzilli silahlardan məhrum ediləcək;

Ölkə ərazisində xarici qoşunların yerləşdirilməsi qadağan olunacaq;

Rus dilinə dövlət statusu veriləcək;

Bloomberg-in məlumatına görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvi nəzərdə tutulur.

Ağ Ev bildirib ki, plan üzərində iş davam edir və Vaşinqton hər iki tərəfi münaqişənin diplomatik yolla həllinə təşviq etməkdə qərarlıdır.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki