Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və Avropa tərəfdaşlarının birgə hazırladığı FREYJA raketdən müdafiə sistemi mövcud hava hücumundan müdafiə vasitələrini əvəz etməyəcək, əksinə onları tamamlayaraq Avropa üzərində etibarlı müdafiə qalxanının formalaşdırılmasına xidmət edəcək.
Korrekt.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, layihənin əsas məqsədi Avropa ölkələrinin ballistik raket təhdidlərinə qarşı birgə və daha effektiv müdafiə imkanlarını gücləndirməkdir.
Ballistik raket əleyhinə proqram genişlənir
Bu arada Ukraynanın Fire Point şirkəti ilk dəfə FP-7.x ballistik raket əleyhinə tutucu raketlərini təqdim edib. Bildirilir ki, həmin raketlər Ukrayna və Avropa ölkələrinin birgə həyata keçirdiyi FREYJA raketdən müdafiə qalxanının əsas elementlərindən biri olacaq.
Məlumata görə, yeni sistem Avropanın mövcud hava və raketdən müdafiə infrastrukturunu gücləndirməyi, xüsusilə ballistik raket təhlükələrinə qarşı daha etibarlı müdafiə təmin etməyi hədəfləyir.
Qeyd edək ki, bu gün iyulun 13-də Prezident Volodimir Zelenski raketdən müdafiə proqramını tərəfdaş ölkələrə təqdim etmək məqsədilə Parisə səfər edib. Görüşdə yeni raketdən müdafiə sisteminin yaradılmasına töhfə verə biləcək ölkələrin liderləri, milli təhlükəsizlik müşavirləri və müdafiə sənayesi şirkətlərinin nümayəndələri iştirak edirlər.





















