Çexiya Baş nazirinin Azərbaycana səfəri çərçivəsində Qəbələ şəhərində keçirilən Azərbaycan–Çexiya biznes-forumu ölkəmizin beynəlxalq geosiyasi müstəvidə artan rolunun, siyasi nüfuzunun və iqtisadi çəkisinin təzahürü kimi dəyərləndirilməlidir.
Bu hadisə ölkələrimiz arasında həm ikitərəfli əlaqələrin inkişafı baxımından, həm də bütövlükdə Avropa ilə Azərbaycan arasında formalaşan yeni strateji tərəfdaşlıq modelinin bariz nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Çexiya arasında qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə qarşılıqlı şəkildə siyasi dialoqun gücləndirilməsində və bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Çağdaş dünya nizamının mürəkkəb transformasiya mərhələsindən keçdiyi, enerji təhlükəsizliyi, geosiyasi sabitlik, nəqliyyat marşrutları və iqtisadi dayanıqlılıq məsələlərinin qlobal gündəliyin əsas prioritetlərinə çevrildiyi bir dövrdə Azərbaycanın mövqeyi davamlı şəkildə güclənir. Prezident İlham Əliyevin uzaqgörən siyasi kursu nəticəsində ölkəmiz bu gün yalnız Cənubi Qafqazın aparıcı dövləti deyil, eyni zamanda Avropa ilə Asiya arasında strateji körpü funksiyasını yerinə yetirən etibarlı tərəfdaş kimi qəbul olunur.
Avropa ölkələrinin Azərbaycana artan marağı təsadüfi xarakter daşımır. Bu marağın əsasında ilk növbədə ölkəmizin siyasi sabitliyi, iqtisadi dayanıqlılığı, müqavilələrə sadiqliyi və milli maraqlara əsaslanan müstəqil xarici siyasəti dayanır. Son illər Avropa İttifaqına üzv dövlətlərin yüksəksəviyyəli nümayəndələrinin Bakıya ardıcıl səfərləri bir daha göstərir ki, Azərbaycan artıq regional proseslərin müşahidəçisi deyil, onları formalaşdıran əsas siyasi subyektlərdən biridir.
Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu isə xüsusi qeyd olunmalıdır. Hazırda Avropa alternativ enerji mənbələri və etibarlı tədarük marşrutları axtardığı bir mərhələdə Azərbaycan özünü prinsipial, məsuliyyətli və uzunmüddətli tərəfdaş kimi tam təsdiq etmişdir. Cənub Qaz Dəhlizi bu baxımdan yalnız iri iqtisadi layihə deyil, həm də qlobal enerji təhlükəsizliyinə xidmət edən strateji təşəbbüsdür. Azərbaycan qazının Avropa bazarına fasiləsiz çıxışı ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artırmışdır.
Bu konteksdə, Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyması diqqətəlayiq hadisədir. Qəbələdə keçirilən biznes-forum göstərdi ki, əməkdaşlıq artıq yalnız ticarət dövriyyəsi ilə məhdudlaşmır. Energetika, sənaye, yüksək texnologiyalar, rəqəmsal inkişaf, müdafiə sənayesi, kənd təsərrüfatı, logistika və investisiya sahələrində geniş perspektivlər mövcuddur. Bu isə əlaqələrin klassik iqtisadi münasibətlər çərçivəsindən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə daxil olduğunu təsdiqləyir.
Forumun məhz Qəbələ şəhərində keçirilməsi də dərin siyasi və iqtisadi məna daşıyır. Bu, Azərbaycanın inkişaf modelinin yalnız paytaxtla məhdudlaşmadığını, regionların da beynəlxalq iqtisadi proseslərə fəal şəkildə inteqrasiya olunduğunu nümayiş etdirir. Regionların inkişafı ilə xarici iqtisadi əlaqələrin uzlaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biridir.
Nəqliyyat və logistika sahəsində ölkəmizin artan rolu ayrıca vurğulanmalıdır. Orta Dəhlizin geoiqtisadi əhəmiyyətinin yüksəlməsi Azərbaycanın Avropa ilə Asiya arasında yeni nəqliyyat arteriyasının əsas həlqəsinə çevrildiyini göstərir. Bu marşrut vasitəsilə yükdaşımaların sürəti artır, təhlükəsizlik güclənir, ticarət xərcləri azalır və regional inteqrasiya dərinləşir. Məhz buna görə də Azərbaycan bu gün təkcə enerji deyil, həm də logistika diplomatiyasının aparıcı mərkəzlərindən biri hesab olunur.
Yaşıl enerji istiqamətində həyata keçirilən layihələr də ölkəmizin gələcək strateji çəkisini artırır. Xəzərin külək enerjisi potensialı, günəş elektrik stansiyalarının qurulması, bərpaolunan enerji ixracı üzrə perspektivlər Azərbaycanın Avropa üçün yeni enerji tərəfdaşına çevrildiyini göstərir. Bu siyasət ölkəmizin gələcəyə hesablanmış inkişaf modelinin parlaq nümunəsidir.
Bütün bunların fonunda bir həqiqət daha aydın görünür: Azərbaycan öz müstəqil siyasəti, iqtisadi gücü, diplomatik çevikliyi və regional məsuliyyəti ilə yeni beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətlər sırasına yüksəlmişdir. Bakı bu gün fərqli siyasi qütblərin təmas nöqtəsi, dialoq məkanı və qarşılıqlı etimad platforması kimi qəbul olunur.
Çexiya Baş nazirinin səfəri və Qəbələ forumu da məhz bu böyük strateji xəttin tərkib hissəsidir. Bu səfər göstərdi ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır, ölkəmizin nüfuzu genişlənir və beynəlxalq sistemdə çəkisi durmadan yüksəlir.
Azərbaycanın bugünkü uğurları milli maraqlara söykənən siyasət, düşünülmüş diplomatiya və ardıcıl iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Qarşıdakı dövrdə Azərbaycan–Avropa münasibətlərinin daha da dərinləşəcəyi, ölkəmizin qlobal miqyasda strateji rolunun yeni zirvələrə yüksələcəyi şübhə doğurmur.
Cavanşir Feyziyev, Milli Məclisin deputatı





















