image-1backend

Ayaq altında itən milyonlar: Müharibə bu bazarı məhv edib

image-ads-728x90

Ukrayna uzun illər dünyanın ən böyük qoz istehsalçılarından və ixracatçılarından biri hesab olunsa da, son dövrdə bu sahədə ciddi geriləmə müşahidə olunur. Məhsuldarlığın azalması, bazardakı qeyri-sabitlik və dövlət siyasətindəki dəyişikliklər nəticəsində ölkənin qoz ixracı kəskin şəkildə azalıb.

Məlumata görə, 2020–2024-cü illərdə Ukrayna qoz ixracından ümumilikdə 461,4 milyon dollar gəlir əldə edib. Bu göstərici illik orta hesabla 92,2 milyon dollar təşkil edib. Lakin 2025-ci ildə ixrac gəlirləri təxminən 10 dəfə azalaraq cəmi 9,2 milyon dollara düşüb.

Kiyev İqtisadiyyat Məktəbinin analitiki Roksolana Nazarkinanın sözlərinə görə, Ukraynada qoz istehsalının təxminən 90 faizi ev təsərrüfatlarının payına düşür. Əhali əsasən həyətlərdə və köhnə bağlarda yetişən qozları toplayaraq satışa çıxarır.

Ekspert bildirir ki, bu sistem böyük investisiya tələb etmədiyi üçün fermerlər üçün sərfəli görünür. Məhsulun toplanması əsasən əl üsulu ilə həyata keçirilir və ciddi texnoloji xərc tələb etmir.

Bununla yanaşı, sənaye üsulu ilə qoz bağlarının yaradılması yüksək maliyyə tələb edir. İstehsalçılar ilk ciddi gəliri yalnız 5–7 ildən sonra əldə edə bilirlər.

Mütəxəssislərin fikrincə, Ukrayna qozlarının əsas problemi məhsulun standartlaşdırılmamasıdır. Əhalidən toplanan qozların ölçüsü, keyfiyyəti və görünüşü fərqli olur. Bu isə onları ABŞ, Çili və Çin kimi ölkələrin sənaye üsulu ilə yetişdirilən məhsulları ilə rəqabətdə zəif salır.

Qoz emalı avadanlıqları istehsalçısı Andriy Lapanın sözlərinə görə, Ukrayna qozları dad baxımından üstün olsa da, sertifikatlaşdırma və keyfiyyət standartlarının olmaması ixrac imkanlarını məhdudlaşdırır.

Onun sözlərinə görə, Avropa bazarında artıq Çili və ABŞ məhsullarına üstünlük verilir:

“Ukrayna qozları keyfiyyətinə görə pis deyil. Lakin standartlaşdırma, görünüş və emal baxımından rəqiblər daha üstün vəziyyətdədir”.

2025–2026-cı illərdə bazarda əsas problemlərdən biri süni qiymət artımı olub. Yerli alıcılar əhalidən qozu yüksək qiymətə toplamağa başlayıblar. Nəticədə Ukrayna qozlarının qiyməti xarici rəqiblərlə eyni səviyyəyə yüksəlib.

Lakin Avropa alıcıları eyni qiymətə daha keyfiyyətli və standart məhsullara üstünlük veriblər. Bu səbəbdən Ukrayna ixracatçıları yüksək qiymətlə məhsul almaqdan imtina edib və bazarda durğunluq yaranıb.

Bir çox topdansatış alıcı böyük həcmdə məhsul toplasa da, sonradan onu sata bilməyib. Qiymətlərin düşməsi ilə məhsulların bir hissəsi anbarlarda qalıb və zərərə səbəb olub.

2024-cü ilin dekabrından Ukraynada yeni ixrac nəzarəti qaydaları tətbiq olunub. Yeni sistemə əsasən, yalnız ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş şirkətlər məhsul ixrac edə bilər.

Ekspertlər hesab edirlər ki, bu dəyişikliklər qoz bazarına mənfi təsir göstərib. Çünki bazarın böyük hissəsi qeyri-formal fəaliyyət göstərən kiçik tədarükçülərdən ibarətdir.

Mütəxəssislər bildirirlər ki, Ukrayna qozları yüksək dad keyfiyyətinə və ekoloji üstünlüklərə malikdir. Ölkədə sənaye bağlarının inkişafı, məhsulun standartlaşdırılması və dərin emal sahələrinin yaradılması ixrac potensialını yenidən artıra bilər.

Ekspertlərin fikrincə, düzgün strategiya tətbiq olunarsa, Ukrayna gələcəkdə qoz bazarında əvvəlki mövqelərini bərpa edə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki