Çex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuşdur. Sonrakı dövrdə əlaqələrin institusional əsasları daha da möhkəmləndirilmiş, Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi 2005-ci ildə, Çexiyanın Azərbaycandakı Səfirliyi isə 2019-cu ildə fəaliyyətə başlamışdır. Eyni zamanda, 2015-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynamışdır. Azərbaycan Çex Respublikası ilə əlaqələrin inkişafına daim xüsusi önəm verir və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Bu münasibətlərin davamı olaraq, 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə keçirilən görüşlər ikitərəfli əməkdaşlığın inkişafında növbəti mühüm mərhələ kimi dəyərləndirilə bilər. Dövlət başçısının mətbuata verdiyi bəyanat iki ölkə arasında formalaşmış fəal siyasi dialoqun və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da genişləndirilməsi niyyətini açıq şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər arasında artıq fəal siyasi dialoq mövcuddur və bu ilk görüşün məhsuldar keçməsi gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Görüş zamanı həm ikitərəfli münasibətlər, həm regional proseslər, həm də qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılması əlaqələrin çoxşaxəli xarakter daşıdığını göstərir.
İqtisadi sahədə əməkdaşlıq xüsusilə diqqət mərkəzində olub. Çexiyadan geniş tərkibli iş adamları nümayəndə heyətinin Azərbaycana səfəri və keçirilən biznes-forum yeni iqtisadi əlaqələrin qurulması baxımından mühüm platforma kimi çıxış edir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dolları ötür. Bununla belə, ticarət strukturunda əsasən enerji resurslarının üstünlük təşkil etdiyi nəzərə alınaraq, gələcəkdə daha balanslı və şaxələndirilmiş iqtisadi əlaqələrin qurulması prioritet kimi müəyyənləşdirilib. Bu istiqamətdə konkret investisiya layihələrinin müzakirəsi əməkdaşlığın praktik müstəvidə inkişaf etdiyini göstərir.
Energetika sahəsi Azərbaycan–Çexiya münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur. Bununla yanaşı, Azərbaycanın təbii qaz ixracının genişlənməsi Avropa məkanında enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Bu əməkdaşlıq artıq təkcə ticarət münasibətləri ilə məhdudlaşmır, daha geniş və uzunmüddətli strateji tərəfdaşlıq xarakteri daşıyır.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqət çəkən istiqamətlərdəndir. Çexiya ilə bu sahədə formalaşmış əməkdaşlıq əlaqələri mövcuddur və hazırda birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılır. Azərbaycanın müdafiə potensialının gücləndirilməsi və yerli istehsalın inkişafı baxımından bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Görüş zamanı digər sahələr üzrə də əməkdaşlıq imkanları nəzərdən keçirilmiş, Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və növbəti iclasın keçirilməsi ilə bağlı razılıqlar əldə olunmuşdur. Bu isə münasibətlərin sistemli və davamlı inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat və Çexiya Baş nazirinin Azərbaycana səfəri göstərir ki, Azərbaycan–Çexiya münasibətləri möhkəm tarixi və hüquqi əsaslar üzərində inkişaf edərək yeni mərhələyə qədəm qoyur. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı və müdafiə sənayesində birgə fəaliyyət perspektivləri bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini deməyə əsas verir.
Samirə Hüseynova





















