image-2backend

Azərbaycan və Latviya arasında iqtisadi əlaqələr genişlənir

image-ads-728x90

Azərbaycan Prezidenti İlham Əliyev ilə Latviya Prezidenti Edqars Rinkeviçs arasında Bakıda keçirilən görüş həm siyasi, həm də iqtisadi baxımdan diqqət çəkən məqamlarla yadda qaldı.

Görüş zamanı tərəflər yalnız rəsmi bəyanatlarla kifayətlənməyib, real əməkdaşlıq istiqamətlərini də konkret şəkildə müzakirə ediblər. Bu isə onu göstərir ki, münasibətlər artıq formal çərçivədən çıxaraq daha praktik mərhələyə keçməkdədir.

Prezident İlham Əliyevin çıxışında əsas vurğu əməkdaşlığın genişləndirilməsi və konkret nəticələr əldə olunması üzərində qurulmuşdu. Xüsusilə energetika, nəqliyyat, rəqəmsallaşma kimi sahələrin qeyd olunması təsadüfi deyil. Azərbaycan son illərdə bu istiqamətlərdə ciddi inkişaf edib və tərəfdaş ölkələrlə bu potensialı bölüşmək istəyir. Bu, həm də ölkənin regional logistika və enerji mərkəzi kimi rolunu gücləndirmək strategiyasının bir hissəsidir.

Latviya Prezidenti Edqars Rinkeviçsin çıxışı zamanı Bakının son 9 ildə tanınmaz dərəcədə dəyişdiyini deməsi Azərbaycanın keçdiyi inkişaf yoluna verilən açıq mesajdır. Bu cür ifadələr diplomatik nəzakətdən əlavə, real iqtisadi və infrastruktur dəyişikliklərinin də göstəricisidir. Diqqət çəkən digər məqam Latviyanın Azərbaycanı “strateji tərəfdaş və dost” kimi xarakterizə etməsidir. Bu ifadə diplomatiyada təsadüfi işlədilmir və tərəflər arasında uzunmüddətli əməkdaşlıq niyyətini göstərir. Xüsusilə Avropa ilə münasibətlər fonunda bu cür yanaşma Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini göstərir. Rinkeviçsin nümayəndə heyətinin geniş tərkibdə olması barədə dedikləri də mühüm siqnaldır. Bu, sadəcə protokol səfəri deyil, real layihələrin və iqtisadi imkanların müzakirəsinə yönəlmiş işgüzar səfərdir. Yəni tərəflər konkret nəticələrə hesablanmış əməkdaşlıq qurmağa çalışırlar.

Ümumilikdə bu səfər Azərbaycan-Latviya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Siyasi dialoq artıq mövcuddur, indi əsas məsələ bu münasibətləri iqtisadi layihələr və qarşılıqlı investisiyalarla daha da dərinləşdirməkdir. Bu isə hər iki ölkə üçün həm regional, həm də beynəlxalq səviyyədə əlavə imkanlar yarada bilər.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki