Beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərindən biri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsidir. Bu prinsiplərin universal xarakter daşıması beynəlxalq təhlükəsizliyin və dövlətlərarası münasibətlərin sabitliyinin mühüm şərtidir. Lakin uzun illər ərzində Azərbaycanın üzləşdiyi işğal və onun nəticələrinin aradan qaldırılması prosesində beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların ciddi problemlər yaratdığı müşahidə olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun müddət davam edən hərbi təcavüz və işğalla üzləşib. Ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüşdür. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, indiki Ermənistan ərazisindən də azərbaycanlıların deportasiya edilməsi nəticəsində genişmiqyaslı humanitar fəlakət yaranmışdı.
Münaqişənin həlli ilə bağlı beynəlxalq səviyyədə mühüm sənədlər də qəbul edilmişdi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin bu qətnamələrin icrası uzun illər təmin olunmadı. Beləliklə, beynəlxalq hüququn mühüm sənədləri mövcud olsa da, onların həyata keçirilməsi üçün effektiv mexanizmlərin olmaması problemin uzanmasına səbəb oldu. Münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu da uzun illər ərzində real nəticə əldə edə bilmədi. Münaqişənin həllinə xidmət etməli olan vasitəçilik mexanizmi faktiki olaraq status-kvonun qorunmasına gətirib çıxardı. Azərbaycanın mövqeyinə görə, işğalın uzun müddət davam etməsi və təcavüzkarın ciddi beynəlxalq təzyiqlə üzləşməməsi yeni gərginliklərin yaranması üçün zəmin yaradırdı. Bu dövrdə bəzi beynəlxalq siyasi institutların yanaşması da ciddi suallar doğururdu. Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi kimi xarakterizə edilən Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alır, təcavüzkar Ermənistanı isə müəyyən mənada həvəsləndirirdi. Bu yanaşma beynəlxalq hüququn prinsiplərinin bütün dövlətlərə eyni formada tətbiq olunmasının vacibliyi məsələsini bir daha gündəmə gətirirdi.
Məsələnin digər mühüm tərəfi isə təcavüzkarın cəzasız qalmasının yaratdığı nəticələr idi. 2018-ci ildən sonra Ermənistan rəhbərliyinin bəzi açıqlamaları və addımları mövcud vəziyyətin dəyişdirilməsinə deyil, daha da gərginləşdirilməsinə xidmət edirdi. 2019-cu ildə Ermənistanın baş nazirinin Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı da bu baxımdan xüsusi diqqət çəkirdi. Həmin dövrdə Ermənistanın müdafiə naziri tərəfindən səsləndirilən yeni ərazilər uğrunda yeni müharibə ilə bağlı təhdidlər də vəziyyətin nə qədər təhlükəli istiqamətdə inkişaf etdiyini göstərirdi. 2020-ci ilin iyul və avqust aylarında baş verən hərbi təxribatlar isə vəziyyətin daha da kəskinləşməsinə səbəb oldu. Azərbaycan uzun müddət münaqişənin sülh yolu ilə həllinə üstünlük versə də, işğalın davam etdirilməsi və yeni hərbi təhdidlərin meydana çıxması ölkənin özünümüdafiə hüququndan istifadə etməsi ilə nəticələndi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan döyüş meydanında mühüm qələbə qazandı və işğal olunmuş ərazilərin böyük hissəsini azad etdi.
2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla belə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası prosesi hələ başa çatmamışdı. Növbəti mərhələdə Azərbaycan öz suverenliyinin bütün ərazisində təmin olunması istiqamətində fəaliyyətini davam etdirdi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində separatizmə son qoyuldu və ölkə öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Beləliklə, uzun illər ərzində həll olunmamış qalan münaqişə Azərbaycan tərəfindən həm diplomatik, həm də zəruri olduğu halda hərbi-siyasi vasitələrlə həll edildi. Azərbaycan müharibədə qalib gəldikdən sonra məğlub tərəfə qarşı qisas siyasəti yürütmədi, əksinə, sülh gündəliyini irəli sürdü. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə sabitlik və uzunmüddətli sülhün təmin olunmasına verdiyi önəmi göstərirdi. Bu təcrübə beynəlxalq ictimaiyyət üçün mühüm nəticələr ortaya qoyur. Əgər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrası təmin edilmirsə, həmin sənədlərin siyasi və hüquqi təsiri zəifləyir. Buna görə də müasir beynəlxalq münasibətlər sistemində əsas məsələ yalnız yeni qətnamələrin qəbul edilməsi deyil, onların icrasını təmin edən təsirli mexanizmlərin yaradılmasıdır.
Azərbaycanın yaşadığı 30 illik işğal, ardınca ərazi bütövlüyünün və suverenliyin tam bərpası beynəlxalq hüququn prinsiplərinin praktik əhəmiyyətini bir daha ortaya qoydu. Davamlı sülhün təmin edilməsi üçün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət universal prinsip kimi qorunmalı, təcavüz və işğalın nəticələrinin legitimləşdirilməsinə imkan verilməməlidir. Yalnız belə yanaşma beynəlxalq münasibətlərdə ədalətli və dayanıqlı təhlükəsizlik sisteminin formalaşmasına real zəmin yarada bilər.
Samirə Hüseynova





















