“Gənclik” metrostansiyası yaxınlığında yerləşən avtomobil tunelində ötən gün baş verən qəza sosial şəbəkələrdə geniş müzakirə olunur. Hadisə ilə bağlı yeni iddialar da gündəmə gəlib. Bəzi sürücülər qəzanın baş verməsini tuneldə aparılan xətlənmə işləri ilə əlaqələndiriblər. İddialara görə, aidiyyəti qurum tərəfindən günorta saatlarında həyata keçirilən yol nişanlama prosesi hərəkət iştirakçıları üçün çaşqınlıq yaradıb. Xüsusilə tunel kimi qapalı və sürətli hərəkətin olduğu ərazidə zolaqların dəyişdirilməsi və ya yeni xətlərin çəkilməsi sürücülərin hərəkət trayektoriyasına təsir göstərib.
Bir qism sürücülər yol infrastrukturunda aparılan işlərin əvvəlcədən düzgün xəbərdar edilmədən həyata keçirildiyini bildirir, digər qism isə qəzanın əsas səbəbinin sürət həddi və diqqətsizlik olduğunu qeyd edir.
Qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır. Rəsmi qurumların hadisə ilə bağlı yekun rəyindən sonra iddiaların nə dərəcədə əsaslı olduğu bilinəcək.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yollarda aparılan təmir və ya xətlənmə kimi işlər günün istənilən saatında həyata keçirilə bilər:
“Bu, konkret olaraq işləri icra edən qurumun planlamasından asılıdır. Həmin qurum işlərin vaxtını özü müəyyənləşdirir və paralel olaraq digər aidiyyəti strukturları da məlumatlandırır. Məsələn, yol polisi və digər nəzarət orqanları görüləcək işlər barədə əvvəlcədən xəbərdar edilir ki, hərəkətin təşkili düzgün tənzimlənsin. Amma baş verən qəzanı yalnız yol üzərində aparılan texniki işlərlə əlaqələndirmək düzgün yanaşma deyil. Burada sürücü faktorunu da nəzərə almaq lazımdır. Xüsusilə tunellər kimi riskli yol sahələrində vəziyyət daha həssasdır. Bu ərazilərdə sürət həddi adətən 60 km/saat olur, lakin bəzi sürücülər qaydaları pozaraq 80–100 km/saat və daha yüksək sürətlə hərəkət edirlər. Bu isə ciddi təhlükə yaradır. Tunellərdə əlavə olaraq təhlükəli manevrlər – sağdan və soldan ötmələr, qəfil zolaq dəyişmələri kimi hallar da riskləri artırır. Nəticədə qəza qaçılmaz olur. Əgər həmin ərazidə təmir və ya xətlənmə işləri aparılırsa, bu barədə adətən xəbərdarlıq nişanları və məlumatlandırma olur. Sürücülərə sürəti azaltmaq və diqqətli olmaq tövsiyə edilir. Lakin əsas sual budur: niyə sürücülər belə şəraitdə yüksək sürətlə hərəkət etməlidirlər?”
Ekspert deyib ki, tunel daxilində və ya hər hansı məhdud görünüşlü ərazidə sürətin azaldılması həm qanuni tələbdir, həm də təhlükəsizlik baxımından vacibdir:
“Bəzi sürücülər isə bunu nəzərə almır və nəticədə təhlükəli vəziyyətlər yaranır. Ona görə də məsələni yalnız yol işləri ilə izah etmək düzgün olmaz. Burada həm yol infrastrukturunun təşkili, həm də sürücü məsuliyyəti birlikdə qiymətləndirilməlidir”.Musavat.com





















