image-1backend

Banklar, gəmilər, limanlar “qara siyahı”da – Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketində daha nələr var?

image-ads-728x90

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni – 20-ci sanksiya paketini təsdiqləyib. Bu barədə qərar Aİ-nin rəsmi jurnalında dərc olunub və sənəd Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə əlaqələndirilib.

Yeni sanksiyalar çərçivəsində rusiyalı reper Timati (Timur Yunusov) da qara siyahıya daxil edilib. Sənəddə qeyd olunur ki, o, Kremlin təbliğat materiallarını yaymaqla Rusiyanın Ukraynaya qarşı “aqressiv müharibəsini” dəstəkləyir, həmçinin şəxsi olaraq döyüş əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib. Aİ onun Krımın ilhaqına və Rusiya Prezidenti Vladimir Putin siyasətinə açıq dəstəyini də vurğulayır.

Sanksiya siyahısına həmçinin Mixail Piotrovski – Dövlət Ermitaj Muzeyinin direktoru da daxil edilib. Aİ onu Rusiya Prezidentinə yaxın şəxs hesab edir və Ukraynaya qarşı müharibəni dəstəkləməkdə, eləcə də ilhaq olunmuş Krımda qanunsuz arxeoloji işlərə yardım göstərməkdə ittiham edir.

Bundan başqa, radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi Aleksey Rtişşev də sanksiyalara məruz qalıb. Aİ iddia edir ki, onun tabeliyində olan bölmələr Ukraynaya qarşı “sistemli şəkildə kimyəvi silah tətbiq edir”.

Enerji sektoru, banklar hədəfdə

Yeni paket çərçivəsində Rusiyanın enerji sektoru da geniş şəkildə hədəfə alınıb. Sanksiyalar “Başneft” və “Slavneft” şirkətlərinə, eləcə də Tuapse, Komsomolsk və Açinsk neft emalı zavodlarına şamil edilib. Bununla yanaşı, “Qazprom” və “Lukoyl” şirkətlərinin bir sıra törəmə qurumlarına da məhdudiyyətlər tətbiq olunub.

Aİ yeni sanksiyalar çərçivəsində 20 rus bankı ilə əməliyyatları qadağan edib. Yalnız humanitar məqsədlərlə istisnalar nəzərdə tutulur. Siyahıya “BKS-bank” və “WB bank” da daxildir.

Eyni zamanda, Aİ bir sıra ölkələrdə fəaliyyət göstərən dörd bankla əməliyyatlara da qadağa qoyub. İddia olunur ki, bu banklar Rusiyanın maliyyə mesajlaşma sistemi – SPFS-ə qoşulublar. Qeyd edək ki, SPFS sistemi 2024-cü ilin yayından etibarən Aİ sanksiyalarına məruz qalıb.

Bundan əlavə, Qırğızıstanda fəaliyyət göstərən və “A7A5” adlı stabilkoinin ticarət olunduğu birjanı idarə edən təşkilata da sanksiya tətbiq olunub. Rubl məzənnəsinə bağlı olan bu kriptovalyuta 2025-ci ildə Rusiya ilə digər ölkələr arasında hesablaşmaları asanlaşdırmaq üçün yaradılıb.

İxrac və idxala yeni məhdudiyyətlər

Yeni qərara əsasən, Aİ-dən Rusiyaya tanker satışına qadağa qoyulub. Bundan başqa, rezin məmulatlarından tutmuş traktorlara qədər bir sıra malların ixracı da məhdudlaşdırılıb.

Hərbi məqsədlərlə istifadə oluna biləcək məhsullar – partlayıcı maddələr, laboratoriya avadanlıqları, yüksək effektiv yağlayıcılar və onların qatqıları da qadağa siyahısına daxil edilib.

Aİ eyni zamanda Rusiyadan idxala da yeni məhdudiyyətlər tətbiq edib. Ümumi dəyəri 530 milyon avrodan çox olan aşağıdakı məhsulların idxalı qadağan olunub:

-xam platin, emal olunmuş və olunmamış mis, nikel tozları və tullantıları,

-molibden, alüminium tozları, maqnezium karbonat,sönməmiş və sönmüş əhəng.

Bununla yanaşı, Rusiyadan Aİ-yə ammonyak idxalına kvotalar tətbiq edilib. Almazların mənşəyinə nəzarət isə daha da sərtləşdirilib – Avropa şirkətləri onların Rusiyada hasil olunmadığını təsdiqləməlidir.

“Kölgə donanması”, limanlar və neft marşrutları siyahıda

Sanksiyalar Rusiyanın “kölgə donanması” adlandırılan tankerlər şəbəkəsini də əhatə edir. Bu çərçivədə üçüncü ölkələrdə fəaliyyət göstərən bir sıra şirkətlər, o cümlədən BƏƏ-də qeydiyyatdan keçmiş Altrum Group, Centauri Services LLC, Lumen Ship Management və Lark Shipmanagement sanksiyaya məruz qalıb.

Bundan başqa, “Soglasie” sığorta şirkəti də siyahıya salınıb. Aİ bildirir ki, bu şirkət Rusiya neftini daşıyan gəmilərin əsas sığortaçılarından biridir.

Yeni paket çərçivəsində daha 46 gəmi “kölgə donanması” siyahısına əlavə edilib. Beləliklə, ümumilikdə 632 gəmi artıq Aİ sanksiyalarına məruz qalıb. Bu gəmilərə Aİ limanlarına giriş və Avropa şirkətlərindən xidmət almaq qadağan edilib.

Sanksiyalar çərçivəsində Aİ şirkətlərinə Murmansk və Tuapse limanlarının, eləcə də ilk dəfə olaraq üçüncü ölkədə yerləşən – İndoneziyanın Karimun neft terminalının istifadəsi qadağan olunub. Bu addım həmin obyektlərin Rusiyanın “kölgə donanması” ilə əlaqələri ilə əsaslandırılır.Bundan əlavə, Aİ tanker satışına nəzarəti də sərtləşdirib – satıcılar alıcıları diqqətlə yoxlamalı və müqavilələrə “Rusiyada istifadə olunmamalıdır” maddəsi daxil etməlidirlər.

Qeyd edək ki, bu sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda qəbul edilib. Yeni məhdudiyyətlər eyni zamanda yanvar ayında dayandırılmış “Drujba” boru kəməri ilə Rusiya neftinin tranzitinin bərpası fonunda razılaşdırılıb.“AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki