Türkiyənin paytaxtı Ankarada Çankaya Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Hüseyn Can Güner də daxil olmaqla 24 nəfər həbs edilib.
Korrekt.az xəbər verir ki, istintaq çərçivəsində məhkəməyə göndərilən 30 şübhəlidən 24-ü barəsində həbs qərarı çıxarılıb, 6 nəfər isə məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıb.
Şübhəlilər cinayətkar təşkilat yaratmaq, təşkilata üzv olmaq, rüşvət almaq və vermək, eləcə də tender proseslərində qanunsuzluqlara yol verməkdə ittiham olunurlar.
Əməliyyat Ankara Baş Prokurorluğunun koordinasiyası və Ankara Vilayət Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin iştirakı ilə həyata keçirilib. İstintaq çərçivəsində şübhəlilərin ünvanlarında axtarışlar aparılıb və onlar saxlanılıb.
Hüseyn Can Güner də daxil olmaqla saxlanılan şəxslər polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra Ankara Ədliyyəsinə aparılıb. Şübhəlilər prokurorluqda ifadə verdikdən sonra həbs tələbi ilə növbətçi Sülh Cəza Hakimliyinə göndəriliblər.
Məhkəmənin qərarı ilə Çankaya Bələdiyyə sədri Hüseyn Can Güner və daha 23 şübhəli həbs olunub. Digər 6 nəfər isə səyahət məhdudiyyəti və məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılıb.





















