ABŞ-İran müharibəsindən sonra bahalaşan yanacaq qiymətləri hələ uzun müddət yüksək qalacaq.
Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırkı vəziyyətdə böyük aviaşirkətlərin rəhbərləri artan xərcləri kompensasiya etmək üçün biletlərin qiymətini qaldırmağa məcbur qalacaqlarından, sərnişinlərin isə bu artıma mənfi reaksiya verəcəyindən narahatdırlar.
Belə ki, əvvəllər aviadaşıyıcılar Hörmüz boğazının bağlanması nəticəsində kəskin bahalaşan yanacağın qiymətinin zamanla aşağı düşəcəyinə ümid edirdilər. İndi isə sektor nümayəndələri bahalı yanacağın uzunmüddətli problemə çevriləcəyini düşünürlər. “TAP Air Portugal”ın baş direktoru Luiş Rodriqeş qarşıdakı üç-beş ilin çətin keçəcəyini bildirib və qiymətləri artırmaq imkanlarının məhdud olduğunu vurğulayıb.
Bununla belə, bahalaşma hələlik sərnişin tələbinə ciddi təsir göstərməyib. OAG analitika şirkətinin məlumatına görə, 2026-cı ilin ilk yarısında 2,3 milyard aviareys rezerv edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur. ABŞ-nin “Delta Air Lines” aviaşirkəti də biletlərin orta qiymətini 20% artırmasına baxmayaraq, tələbin demək olar ki, azalmadığını açıqlayıb.
Eyni zamanda, yanacaq xərclərinin artması aviadaşıyıcıları qiymətləri yenidən qaldırmağa məcbur edir. Məsələn, İtaliyanın “ITA Airways” şirkəti böhrandan əvvəl ehtiyac duyduğu yanacağın təxminən 80%-ni alıb, lakin sonradan yeni müqavilələr bağlamayıb. Şirkətin rəhbəri Yörq Eberhart bildirib ki, bu səbəbdən aviaşirkət gələn il qiymət dəyişikliyinə daha həssas olacaq. O, rəhbərlik etdiyi şirkətin də digər daşıyıcılar kimi biletlərin qiymətini artırmağa çalışacağını deyib.
Cənubi Amerikanın ən böyük aviaşirkəti olan “LATAM Airlines”ın baş direktoru Roberto Alvo isə sektorun əsas probleminin tələbdə deyil, xərclərdə olduğunu bildirib. Bununla belə, sektor rəhbərləri bahalaşma və inflyasiyanın insanların alıcılıq qabiliyyətini zəiflədərək səyahət tələbinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar. Onların fikrincə, enerjidaşıyıcıların qiymətlərinin uzun müddət yüksək qalması ümumi iqtisadiyyata zərbə vurarsa, sərnişin axını da azala bilər.
Xərcləri azaltmağa çalışan aviaşirkətlər investisiya planlarını da yenidən nəzərdən keçirməli olurlar. Nəşr yazır ki, bəzi daşıyıcılar yeni təyyarələrin alınmasına və rəqabət qabiliyyətini artıran süni intellekt texnologiyalarına yatırımlar arasında seçim etmək məcburiyyətində qalırlar. “SunExpress” şirkətinin rəhbəri Markus Şnabel bildirib ki, investisiyaların hansı istiqamətə yönəldiləcəyinə qərar vermək lazımdır. O, süni intellekt texnologiyalarının tətbiqinin də əlavə xərc tələb etdiyini vurğulayıb.





















