image-media-cavansir_feyziyev-oa0n4igsfuew7bpqyk2t-620x366backend

Asiya qitəsində sabitlik və təhlükəsizlik qlobal təhlükəsizliyin tərkib hissəsidir

image-ads-728x90

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

AQEM Asiya dövlətləri arasında etimad quruculuğunu və qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən, eləcə də Asiya regionunda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməyi hədəfləyən beynəlxalq Forumdur. 28 Asiya ölkəsini özündə birləşdirən bu təşkilata 2024-cü ildən etibarən sədrlik edən Azərbaycan Respublikasının səlahiyyətləri təşkilatın qəbul etdiyi qərara uyğun olaraq daha 2 il müddətinə uzadılıb. Bu günlərdə çoxsaylı dövlət və hökümət başçılarının iştirak etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü başa çatdı.
Oktyabrın 15-də Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev beynəlxalq siyasi məkanda baş verən prosesləri təhlil edərək AQEM ölkələrinin maraqlarının təmin edilməsi və xüsusilə AQEM ərazisində sülhün və təhlükəsizliyin təmin olunması üçün fərdi və kollektiv səylər göstərilməsinin zəruriliyini vurğuladı. Köhnə dünya nizamının pozulduğu, mövcud beynəlxalq təşkilatların öz funksiyalarını qanunla müəyyənləşdirilmiş səviyyədə yerinə yetirə bilməməsi və nəticədə dünyanın müxtəlif bölgələrində böhranlı vəziyyətlərin yaranması hər bir ölkə üçün təhdid və təhlükə yaradır. Prezident Əliyev bildirdi ki, ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən hadisələrə ikili standatlar əsasında yanaşılması, beynəlxalq səviyyədə qəbul olunmuş qərar və qətnamələrin yerinə yetirilməməsi dünya birliyinin üzvləri arasında ayrı-seçkiliyi meydana çıxarır. Selektiv yanaşmanın daha böyük fəsadlara səbəb ola biləcəyini vurğulayan ölkə başçısı Azərbaycanın son onilliklər ərzində üzləşdiyi problemlərin mahiyyətini Forum iştirakçılarının diqqətinə çatdırdı. 2020-ci ilin Vətən müharibəsinin səbəblərini və nəticələrini təhlil edən Prezident Əliyev Ermənistan tərəfindən ölkəmiz ərazisində qeyri-qanuni separatçı rejimin yaradılmasını və hərtərəfli dəstəklənməsini həyata keçirmiş, yüz minlərlə insanın həyat və yaşamaq hüququna, fundamental insan haqlarına və mülkiyyət hüququna ən kobud şəkildə təcavüz etmiş keçmiş Ermənistan rəhbərliyinin məsuliyyət məsələsini gündəmə gətirdi və beynəlxalq səviyyədə ağır cinayətlər törətmiş keçmiş Ermənistan rəhbərlərinin məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd etdi.

Təcavüzə, qarşıdurmaya və müharibələrə alternativ olaraq ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq rejiminin bərqərar olunmasını müasir dövrün əsas imperativi kimi səciyyələndirən dövlət başçısı Azərbaycanın bu istiqamətdə apardığı siyasəti və əldə etdiyi nailiyyətləri regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına töhfə kimi qiymətləndirdi. Azərbaycan keçən illər ərzində özünü beynəlxalq birliyin məsuliyyətli üzvü kimi göstərmiş, çoxsaylı beynəlxalq tədbirlərin ölkəmizdə ən yüksək şəkildə həyata keçirilməsini təmin etmiş və beynəlxalq və regional əhəmiyyətli problemlərin həlli istiqamətində ən uğurlu qərarların qəbul olunmasına nail olmuşdur. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük, Qoşulmama Hərakatına sədrlik, COP-29 Konfransına sədrlik kimi qlobal miqyaslı səlahiyyətləri uğurla icra etmiş Azərbaycan hazırda AQEM-ə sədrlik edir. Artıq iki illik sədrliyi dövründə Azərbaycan təşkilatın gücləndirilməsinə prioritet diqqət ayırmış və Asiya regionunda nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Digər Beynəlxalq təşkilatlara rəhbərliyi dövründə olduğu kimi, AQEM-ə sədrlik çərçivəsində də Azərbaycan yeni təşəbbüslərlə çıxış etmiş və təşkilatın institusional və hüquqi baxımdan daha da güclənməsinə təkan vermişdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki