image-img-20261018-wa0054backend

Ceyhun Aşurov: Azərbaycanın termal turizm potensialı böyükdür

image-ads-728x90

“Azərbaycanın zəngin mineral və termal su ehtiyatları sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar yaradır. Mövcud təbii resursların müasir turizm məhsullarına çevrilməsi, infrastrukturun inkişafı və beynəlxalq bazarlarda tanıdılması bu sahənin əsas prioritetlərindəndir.”- bu fikirləri Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ceyhun Aşurov Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Sammiti və Şimali Anadolu Sağlamlıq və Tibbi Sərgisində çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2019-cu ildə Azərbaycana sağlamlıq məqsədilə təxminən 64 min nəfər səfər edib. Onlardan 42 min nəfəri Naftalanın sanatoriya və kurortlarına üz tutub.

Ceyhun Aşurovun sözlərinə görə, ölkənin termal su ehtiyatlarının proqnoz istismar potensialı gündə 249 min kubmetr qiymətləndirilir. Azərbaycanda mineral və termal su mənbələrinin mövcudluğu Kəlbəcər–İstisu, Masallı–Lənkəran, Naxçıvan–Darıdağ və Quba–Xaçmaz kimi bölgələrdə sağlamlıq turizminin inkişafına şərait yaradır.

AHTTSA sədri bildirib ki, termal turizmin inkişafı üçün su mənbələrinin elmi qiymətləndirilməsi, vahid elektron reyestrin yaradılması, müasir kurortların formalaşdırılması, investisiyaların cəlb edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi vacibdir.

O, həmçinin Azərbaycanın termal turizm məhsullarının Türkiyə, Mərkəzi Asiya və Körfəz ölkələrində tanıdılmasının əhəmiyyətini vurğulayıb.

“Azərbaycanın termal turizm potensialını üç sözlə ifadə etsək: resursumuz var, potensialımız var, indi isə məhsul yaratmalıyıq”, – deyə Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, elmi yanaşma və düzgün idarəetmə Azərbaycanın regional sağlamlıq və termal turizm mərkəzinə çevrilməsinə töhfə verə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki