image-2cc29b6afabbdcd797920ec29deea670backend

“Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır” – Tamam Bayatlı həyat yoldaşından danışdı

image-ads-728x90

Bunu Musavat.com-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, şairin yaradıcılığı ilə bağlı da işlər qaydasındadır: “Hər gün oturub yazmır, amma şeir ilhamı gələndə əlbəttə, yazır.

Hazırda onun bir kitabını çapa hazırlayırıq, indiyə qədər çıxmış bütün kitablarından seçmələr olacaq. Özünün xoşuna gələn şeirləri seçmişik, ümumiyyətlə, bütün şeirlərini sevir, amma daha çox üstünlük verdiyi, ürəyinə yaxın olanları öz istəyi ilə ayırmışıq. Mətnlər üzərində işləyirik. Nəşriyyat, dizayn və s. işlər üzərində dayanmışıq.

Yəqin ki, bir-iki aya kitab çıxacaq. Bundan başqa, bu yaxınlarda Vaqif Bayatlının şeirlərinə bəstələnmiş bütün musiqi əsərlərini toplayıb bir yerdə not şəklində musiqi məktəbləri üçün hazırladıq.

Vaqif müəllimin bir gənclik dostu var. O, Norveçdə yaşayan tanınmış bəstəkar Qalib Məmmədovdur. Vaxtilə Vaqif müəllimin şeirlərindən istifadə edərək gözəl bir musiqi kompozisiyası yaradıb.

Bu kompozisiyanı Şövkət Ələkbərova ifa edib və simfonik orkestr tərəfindən səsləndirilib. Onun notlarını arxivlərdən tapdıq, Norveçə göndərdik, Qalib Məmmədov da işləyib hazırladı və onu da musiqi məktəbləri üçün çap etdirdik. Bundan başqa, Azərbaycanın tanınmış musiqişünası, həm də Üzeyir Hacıbəyli muzeyinin direktoru Sərvər Fərəcov Vaqif müəllimin dörd şeirini seçərək onlara vokal əsərlər bəstələyib. Onunla birlikdə işləyərək, icazəsi ilə həmin vokal silsilənin notlarını hazırladıq və kitab şəklində nəşr etdik. Bu da musiqi məktəbləri üçün bir hədiyyədir. Yəni Vaqif müəllimin əsərlərinə bəstələnmiş bütün musiqilər- istər simfonik əsərlər, istər vokal silsilələr və digər janrlar, hamısını üç ayrı not kitabında toplayıb musiqi məktəblərinə hədiyyə etdik”.

Vaqif.jpg (49 KB)

Xanımı “şairin ümumi mənəvi əhval-ruhiyyəsi necədir” sualımıza belə cavab verdi: “Vaqif müəllim əsasən poeziya adamıdır, ruh adamıdır. O, ruhla yaşayır. Gündəlik məişət məsələləri ilə əvvəllər də çox maraqlanmırdı, indi isə ümumiyyətlə, uzaqdır bu şeylərdən. Televizora baxanda da gündəlik xəbərlərə çox fikir vermir.

Onun daha böyük mənəvi məqsədləri var: türk dünyasının birliyi, poeziyanın yüksəlməsi, Azərbaycan poeziyasının dünyaya çatdırılması. Həmişə deyir ki, Azərbaycan poeziyası dünyanın ən güclü poeziyasıdır və bunu tez-tez təkrar edir. Deyir ki, dünyanın ən böyük poetik zirvəsi Məhəmməd Füzulidir. Ondan yüksək poeziya zirvəsi yoxdur. Bu düşüncələrlə yaşayır və yanına gələnlərlə də bunları bölüşür”.

T. Bayatının sözlərinə görə, havaların sərin keçməsi şairin səhhətinə və əhvalına yaxşı təsir edir: “Bəli, ürəyinə üç stent qoyulub. Havanın mülayim olması ona daha yaxşı təsir edir. Nə çox soyuq qışı, nə də çox isti yayı xoşlayır. Yaz və payız onun ən sevdiyi fəsillərdir.

Əvvəllər daha çox gəzirdi, bu fəsillərdə bulvarda olurdu, dostları, gənc şairlərlə görüşürdü. İndi də gənc şairlər yanına gəlir, onunla ünsiyyət qurur, telefonla danışırlar. Yəni Vaqif müəllim əvvəlki kimi poeziya ruhundadır, ədəbiyyatla yaşayır. Onun poeziyasız bir günü, bir saatı belə yoxdur. O, poeziya adamıdır, bu dünyanın adamı deyil”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki