Kubada milli elektrik şəbəkəsinin yenidən sıradan çıxması ölkənin böyük hissəsində genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Nəticədə milyonlarla sakin işıqsız qalıb.
Korrekt.az xəbər verir ki, xüsusilə paytaxt Havanada uzunmüddətli elektrik kəsintiləri əhalinin gündəlik həyatını ciddi şəkildə çətinləşdirib. Güclü isti hava şəraiti səbəbindən bir çox sakin gecələri binaların damında keçirməyə məcbur olur.
Elektrik enerjisinin olmaması su təchizatına da mənfi təsir göstərib. Havanada yaşayan ailələr bildirirlər ki, yaşayış binalarındakı su çənlərini dolduran nasoslar elektriklə işlədiyi üçün günlərlə susuz qalırlar.
51 yaşlı Havana sakini Yunaisi Durruti evində bir həftədir kranlardan su gəlmədiyini deyib. Onun sözlərinə görə, elektrik enerjisi bərpa olunduğu vaxtlarda belə, şəhərin su şəbəkəsindəki çatışmazlıq səbəbindən su çənləri çox vaxt dolmur.
Durruti bildirib ki, duş qəbul etmək, yemək bişirmək və paltar yumaq üçün elektrik kəsintilərinin daha az yaşandığı məhəllədə yaşayan yaxınlarının evinə getməyə məcbur qalır. O, həmçinin tez-tez baş verən elektrik kəsintiləri səbəbindən ərzaqların xarab olmaması üçün soyuducusunu demək olar ki, boş saxladığını qeyd edib.
Son elektrik böhranı Kubada enerji infrastrukturunda davam edən problemləri bir daha gündəmə gətirib.





















