Fransanın paytaxtı Parisdə minlərlə təqaüdçü aşağı pensiyalara və hökumətin sosial təminat sahəsində planlaşdırdığı dəyişikliklərə etiraz olaraq küçələrə çıxıb. Nümayişçilər pensiyaların inflyasiyaya uyğun artırılmasını, vergi güzəştlərinin qorunmasını və tibbi xidmətlərin əlçatan olmasını tələb edirlər.
Bu barədə Korrekt.az “Sortir à Paris” nəşrinə istinadən məlumat yayıb.
Etirazlara səbəb Fransada 2027-ci il üçün sosial təminat büdcəsi layihəsində nəzərdə tutulan dəyişikliklərdir. Xüsusilə pensiyaların inflyasiyaya uyğun indeksləşdirilməsinin yalnız ümumi pensiya gəliri minimum əməkhaqqının 85 faizini keçməyən şəxslərə şamil edilməsi təklifi narazılıq yaradıb.
Təqaüdçülər bu yanaşmanı ədalətsiz hesab edərək bütün pensiyaların indeksləşdirilməsini, mövcud vergi güzəştlərinin saxlanılmasını və keyfiyyətli tibbi xidmətə çıxışın təmin olunmasını tələb edirlər.
Nümayişin təşkilatçıları Parisdə təxminən 30 min nəfərin iştirak etdiyini bildiriblər.
Qeyd edək ki, Fransada sosial narazılıq dalğası sentyabrın ortalarında başlayıb. İlk olaraq Paris ətrafındakı məktəblərin şagirdləri təhsil müəssisələrində şəraitin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyalarına qoşulublar. Daha sonra qiymət artımından narazı olan vətəndaşlar da nümayişlərə qatılıb. Etirazlar tədricən ölkənin digər bölgələrinə yayılıb.
Oktyabrın 17-də keçirilən ümumölkə nümayişi etiraz dalğasının ən genişmiqyaslı aksiyası olub. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin aksiyada təxminən 550 min nəfər iştirak edib.
Nümayişlər zamanı hüquq-mühafizə orqanları etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan, səs qumbaralarından və su şırnaqlarından istifadə ediblər.
Fransada pensiya islahatları və sosial təminatla bağlı mübahisələr hökumətlə əhali arasında narazılığın əsas mövzularından biri olaraq qalır.





















