image-img-20261120-wa0024backend

İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

image-ads-728x90

İstanbulda keçiriləcək Turkish Airlines İspaniya Superkubokunun biletləri satışa çıxarılıb
2027-ci il Turkish Airlines İspaniya Superkuboku (Supercopa de España) uğrunda mübarizəyə sayılı günlər qalıb. İspaniyanın dörd aparıcı klubu – Real Sociedad, Real Madrid, Barcelona və Atlético Madrid fevralın 2-dən 6-dək İstanbulda çempionluq uğrunda mübarizə aparacaq. Formula 1® Türkiyə Qran-prisi və Avropa Oyunları ilə yanaşı, İstanbulun 2027-ci il üçün nəzərdə tutulan mötəbər idman tədbirləri təqvimində yer alan turnir dünyanın müxtəlif ölkələrindən futbol azarkeşlərinə unudulmaz idman həftəsi vəd edir. 2027-ci ilin ilk böyük futbol hadisəsinin canlı şahidi olmaq istəyənlər üçün biletlərin satışı artıq başlayıb. Biletləri www.supercopa2027.com saytından əldə etmək mümkündür.
Turnirdə La Liqanın çempionu və gümüş mükafatçısı, eləcə də İspaniya Kral Kubokunun finalçıları mübarizə aparacaq. Yarımfinal mərhələsində sonuncu çempion Barcelona klubu Atlético Madrid ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə isə Real Sociedad və Real Madrid komandaları üz-üzə gələcək. 2027-ci ildə ilk dəfə Türkiyədə təşkil olunacaq yarış beş gün ərzində üç gərgin qarşılaşmaya ev sahibliyi edəcək. İki yarımfinal və möhtəşəm final görüşü İstanbulun üç aparıcı stadionunda keçiriləcək.

Hər il dörd komandanın iştirakı ilə keçirilən Turkish Airlines İspaniya Superkubokunda La Liqanın ilk iki pilləsində qərarlaşan klublar İspaniya Kral Kubokunun iki finalçısı ilə qarşılaşır. Bu format çərçivəsində İstanbulda ilk yarımfinal oyunu fevralın 2-də Şükrü Saracoğlu İdman Kompleksində Barcelona və Atlético Madrid komandaları arasında keçiriləcək. Fevralın 3-də isə Beşiktaş Stadionunda Real Sociedad və Real Madrid klubları ikinci finalçı olmaq uğrunda mübarizə aparacaq. Yarımfinal mərhələsinin qalibləri 2027-ci il fevralın 6-da Ali Sami Yen İdman Kompleksində keçiriləcək final qarşılaşmasında üz-üzə gələcəklər. İstanbulun bu üç tanınmış stadionunda baş tutacaq turnirin ümumilikdə 150 mindən çox tamaşaçını qəbul edəcəyi gözlənilir.
İstanbul: Futbolun tarixi və şəhərin özünəməxsus cazibəsi bir arada
İstanbul beynəlxalq futbol yarışlarına ev sahibliyi sahəsində zəngin təcrübəyə malikdir. Şəhər 2005 və 2023-cü illərdə UEFA Çempionlar Liqasının, 2026-cı ildə isə UEFA Avropa Liqasının final oyunlarını uğurla təşkil edib. 2027-ci ildə İspaniyanın dörd aparıcı futbol klubunu Turkish Airlines İspaniya Superkuboku çərçivəsində qəbul edəcək İstanbul bu ənənəyə daha bir əlamətdar hadisə əlavə etməyə hazırlaşır. Beləliklə, şəhər dünyanın nüfuzlu idman mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Turkish Airlines İspaniya Superkubokunu izləmək üçün İstanbula gələn futbol azarkeşləri beş günlük səfərlərini həm də yaddaqalan şəhər gəzintisinə çevirə bilərlər. Tarixi irsi, zəngin mətbəxi və rəngarəng əyləncə həyatı ilə seçilən bu şəhərdə hər kəs üçün maraqlı məkan və fəaliyyət tapmaq mümkündür. Futbol həyəcanından əlavə, qonaqlar İstanbulun məşhur tarixi abidələrini ziyarət edə, Bosfor boğazında gəmi turlarına qoşula, alış-veriş imkanlarından yararlana, şəhərin həm Avropa, həm də Asiya yaxasını kəşf edə, eləcə də zəngin incəsənət və mədəniyyət tədbirlərində iştirak edə bilərlər. İstanbul, həmçinin hər zövqə uyğun təamları ilə qastronomiya sahəsində dünyanın aparıcı şəhərlərindən biri hesab olunur. MICHELIN Guide bələdçisində yer alan onlarla restoran şəhərin zəngin kulinariya imkanlarını bir daha nümayiş etdirir.
İstanbulda keçiriləcək Turkish Airlines İspaniya Superkuboku Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Əyləncə Baş İdarəsi, İspaniya Kral Futbol Federasiyası (RFEF), Türkiyə Futbol Federasiyası (TFF), Sela Events və Hezarfen Ajansın əməkdaşlığı ilə təşkil olunur.

image-img-20261120-wa0023 image-img-20261120-wa0022 image-img-20261120-wa0021 image-img-20261120-wa0024

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki