image-1backend

Bu ölkədə tanınmış aparıcı həbs edildi: Rusiya ordusuna əsgər cəlb edib – BBC

image-ads-728x90

Cənubi Afrikada dövlət radio aparıcısı Nonkululeko Mantula Ukraynaya qarşı müharibədə Rusiya ordusuna döyüşçü cəlb etməkdə şübhəli bilinərək həbs edilib. BBC-nin məlumatına görə, Mantula oxşar ittihamlarla üzləşən beş nəfərdən biridir. Cənubi Afrika qanunvericiliyi vətəndaşlara rəsmi icazə olmadan xarici ordulara qoşulmağı qadağan edir.

Korrekt.az xəbər verir ki, 39 yaşlı Mantula, SABC-yə məxsus SAFM radiosunda “The Morning Bliss” proqramının aparıcısı kimi tanınır.

Milli Prokurorluq Orqanlarının (NPA) məlumatına əsasən, Mantula 21–46 yaş aralığındakı dörd kişi ilə birlikdə hava limanında saxlanılıb. Onların hamısı Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə Rusiyaya uçmağa cəhd edirmiş. Prokurorluq iddia edir ki, Mantula həmin şəxslərin Rusiya Silahlı Qüvvələrinə qoşulması üçün şərait yaradıb.

Həbslər polisdən daxil olan məlumat əsasında Yohannesburqdakı əsas beynəlxalq hava limanında həyata keçirilib. Təqsirləndirilən şəxslərin zaminə buraxılması ilə bağlı növbəti məhkəmə iclası 8 dekabr tarixində keçiriləcək.

Bu həbslər, Cənubi Afrikanın keçmiş prezidenti Ceykob Zumanın qızı Duduzile Zuma-Sambudlinin parlamentdən dramatik istefa verməsindən bir neçə gün sonraya təsadüf edir. O, 17 Cənubi Afrikalı kişini Ukraynada Rusiya tərəfində döyüşməyə cəlb etməkdə ittiham olunur. Zuma-Sambudla iddiaları rədd edir.

Noyabr ayında Cənubi Afrika hökuməti Rusiya muzdlu qüvvələrinə qoşulduqdan sonra müharibədən zərər görmüş Donbass bölgəsində qapalı qalan 17 vətəndaşla bağlı yardım çağırışları aldığını bildirib. Onların diplomatik yollarla geri qaytarılması cəhdləri hələlik uğur gətirməyib.

Rəsmi bəyanatda qeyd olunub ki, bir çox Cənubi Afrikalı yüksək maaşlı iş vədi ilə aldadılaraq Rusiyaya aparılıb və orada hərbi strukturlara cəlb edilib. Hökumət “həssas gənclərin istismarı”nı kəskin şəkildə pisləyib.

Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa bildirib ki, ən az 36 Afrika ölkəsindən 1436 nəfər Rusiya ordusunun tərəfində Ukraynaya qarşı döyüşür. Onun sözlərinə görə, bu yalnız şəxsiyyəti təsdiqlənmiş şəxslərin sayıdır və real rəqəmin daha yüksək olması mümkündür. Sıbiqa qeyd edib ki, əcnəbilərin böyük hissəsi “ət hücumları” deyilən ən təhlükəli istiqamətlərə göndərilir və çoxu qısa zamanda həlak olur.

Bundan əvvəl Hindistanda rus ordusuna aldadılaraq cəlb edilən kişilərin yaxınlarının etiraz aksiyası keçirdiyi də bildirilmişdi. Ailələr iddia edirlər ki, kişilər Rusiyada təhlükəsizlik sahəsində iş vədi ilə aldadılıb, sonra isə rus ordusu ilə anlamadıqları müqavilələri imzalamağa məcbur edilib və iradələri olmadan cəbhəyə göndərilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki