Korrekt.az Sputnik-Qazaxıstan-a istinadən xəbər verir ki, Qazaxıstan Məclisi (parlamenti) Azərbaycan və Özbəkistanla yaşıl enerji istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi təsdiqləyib.
Sənəd daxili enerji infrastrukturunun genişləndirilməsini və yeni elektrik ötürücü xətlərinin inkişafını nəzərdə tutur. Həmçinin, Özbəkistan və Qazaxıstandan Azərbaycana Xəzər dənizinin dibi ilə sualtı kabel çəkilməsi yolu ilə yaşıl enerji ötürücü layihəsinin həyata keçirilməsini, ardınca Qara dəniz Enerji Dəhlizinə inteqrasiyanı və Avropa ölkələrinə elektrik enerjisi təchizatını nəzərdə tutur.
“Sənəd çərçivə sazişidir və avtomatik olaraq maliyyə və ya digər öhdəlikləri nəzərdə tutmur. Konkret layihələr ayrıca sazişlər əsasında və milli qanunvericilik çərçivəsində həyata keçiriləcək ki, bu da riskləri minimuma endirir və sazişin mərhələli şəkildə həyata keçirilməsini təmin edir”, – deyə Məclisin deputatı Edil Canbirşin bildirib.
Saziş həmçinin bərpa olunan enerji potensialından səmərəli istifadəni və iki ölkə ilə Avropa ölkələri arasında təmiz elektrik enerjisi ticarətinin inkişafını nəzərdə tutur. Bundan əlavə, Məclis yaşıl elektrik enerjisinin sabit və proqnozlaşdırıla bilən ixracı üçün Mərkəzi Asiya və Azərbaycanın enerji sistemlərinin qarşılıqlı əlaqəsinin təmin ediləcəyini vurğulayıb.





















