Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Avropa Parlamentinin Kiprlə bağlı qəbul etdiyi qətnaməni sərt tənqid edib.
Korrekt.az xəbər verir ki, Duran sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, qətnamədə Türkiyə Silahlı Qüvvələrinə qarşı əsassız ittihamlar yer alır və bu sənəd Türkiyə üçün qəbuledilməzdir.
“Avropa Parlamentinin Kiprlə bağlı qəbul etdiyi və qəhrəman Türkiyə Silahlı Qüvvələrinə qarşı əsassız iddiaları ehtiva edən qətnaməni qəbuledilməz hesab edir və onu ən sərt şəkildə qınayıram”, – deyə Duran vurğulayıb.
O bildirib ki, Kipr məsələsinə qərəzli yanaşan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) və Kipr türk xalqının qanuni hüquqlarını nəzərə almayan bu siyasi təşəbbüsün heç bir hüquqi və siyasi dəyəri yoxdur.
Burhanəddin Duran qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Ankara ŞKTR-nin suveren bərabərliyini və bərabər beynəlxalq statusunu dəstəkləməyə davam edəcək. Onun sözlərinə görə, Türkiyə bundan sonra da Kipr türk xalqının hüquq və mənafelərini bütün beynəlxalq platformalarda qətiyyətlə müdafiə edəcək.
Duran həmçinin xatırladıb ki, 1974-cü ildə həyata keçirilən Kipr Sülh Əməliyyatı adaya sülh və təhlükəsizlik gətirib. O vurğulayıb ki, Türkiyə Kipr türk xalqının təhlükəsizliyinin və gələcəyinin qarantı olaraq qalır.
Kommunikasiya İdarəsinin rəhbəri əlavə edib ki, siyasi motivlərlə qəbul edilən heç bir qərar bu reallığı dəyişdirə və ya Türkiyənin Kipr məsələsində tutduğu prinsipial mövqeyə təsir göstərə bilməz.





















