Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran ölkənin siyasi istiqamətinin yalnız xalqın iradəsi ilə müəyyənləşdiyini bildirib.
Korrekt.az xəbər verir ki, Duran sosial media hesabında paylaşdığı açıqlamada 27 aprel e-memorandumu hadisəsinin 19-cu ildönümü münasibətilə qiymətləndirmə aparıb. O qeyd edib ki, həmin təşəbbüs milli iradəyə birbaşa müdaxilə və demokratik legitimliyi nəzərə almayan qəyyumluq cəhdi idi və tarixə “qara ləkə” kimi düşüb.
Onun sözlərinə görə, həmin gecə verilən cavab Türkiyənin artıq bu cür müdaxilələrə boyun əyməyəcəyini açıq şəkildə göstərdi.
Duran açıqlamasında Rəcəb Tayyib Ərdoğan tərəfindən o dövrdə nümayiş etdirilən qəti mövqeyə də toxunaraq bildirib ki, bu mövqe dövlətlə millət arasındakı bağlılığın güclü ifadəsi olub. “Cənab Prezidentin sərgilədiyi qətiyyət yalnız siyasi reaksiya deyil, dövlətlə millət arasındakı sarsılmaz bağın açıq bəyanıdır”, – deyə o vurğulayıb.
Kommunikasiya direktoru həmçinin 15 iyul dövlət çevrilişinə cəhd hadisəsinə istinad edərək bildirib ki, türk xalqı hər cür müdaxiləyə qarşı iradəsini qorumaqda qətiyyətlidir. O qeyd edib ki, həmin gün xalq öz lideri ilə birlikdə çevriliş cəhdinin qarşısını alaraq tarixə düşən mövqe nümayiş etdirib.
Duran vurğulayıb ki, demokratik legitimlikdən kənar heç bir təşəbbüs xalqın iradəsini əvəz edə bilməz: “Türkiyənin istiqaməti millətin iradəsidir. Bu iradə nə müzakirə mövzusudur, nə də hər hansı qrupun müdaxiləsinə açıqdır”.





















