Çin yerli istehsal olan WS-20 mühərrikləri ilə təchiz edilmiş Y-20B ağır hərbi nəqliyyat təyyarələrinin sayını artırmaqda davam edir.Korrekt.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) hazırda bu modifikasiyadan ən azı 10 ədəd istismar etdiyi bildirilir.
“Janes” nəşrinin məlumatına əsasən, bu fakt Çinin mərkəzində yerləşən Kayfenq aviabazasında keçirilən və aviasiyada “fil gəzintisi” (Elephant Walk) kimi tanınan manevrlər zamanı təsdiqlənib. Tədbir çərçivəsində eyni vaxtda 10 Y-20B təyyarəsi müşahidə olunub ki, bu da donanmanın əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir.
Qeyd olunur ki, 2024-cü ilin noyabr ayında çəkilmiş peyk görüntülərində həmin bazada cəmi beş Y-20B təyyarəsi görünürdü. Bundan əlavə, Çin Hərbi Hava Qüvvələri rəsmiləri 2025-ci ilin sentyabrında rəsmi olaraq cəmi üç Y-20B təyyarəsinin xidmətə qəbul edildiyini açıqlamışdılar. Yeni görüntülər isə qısa müddətdə istehsalın sürətlə artdığını nümayiş etdirir.
Videogörüntülərdə seriya nömrələrinin əksəriyyəti gizlədilsə də, 20342 nömrəli təyyarənin görüntülənməsi onun Kayfenq aviabazasında yerləşən Hərbi Nəqliyyat Aviasiyasının 13-cü Hava Diviziyasının 37-ci Aviasiya Alayına məxsus olduğunu müəyyən etməyə imkan verib.
“Defense Express” nəşrinin məlumatına görə, Çin hazırda Y-20 ailəsinə aid ümumilikdə təxminən 55 hərbi nəqliyyat təyyarəsi istismar edir. Onlardan təxminən 45-i 117,7 kilonyuton dartı qüvvəsinə malik Rusiya istehsalı D-30KP Series II mühərrikləri ilə təchiz olunan Y-20A variantıdır.
Yeni Y-20B versiyası isə tamamilə yerli istehsal olan WS-20 mühərrikləri ilə təchiz edilir. Bu dəyişiklik Pekinin hərbi aviasiyada xarici komponentlərdən, xüsusilə də Rusiya istehsalı olan mühərriklərdən asılılığını tədricən azaltmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Məlumata əsasən, Y-20 təyyarəsinin maksimal yükdaşıma qabiliyyəti 60 tona çatır. Bu göstərici onu Rusiyanın İl-76MD-90 hərbi nəqliyyat təyyarəsi ilə eyni sinfə aid edir və Y-20B-ni həmin platformanın Çin analoqu hesab etməyə əsas verir.





















