Dünya liderlərinin illik gəlirləri hər zaman ictimaiyyətin maraq dairəsindədir. Bəzi ölkələrdə dövlət başçılarının maaşları simvolik xarakter daşısa da, bəzi ölkələrdə bu rəqəmlər milyonlarla dollarla ölçülür.
Korrekt.az rəsmi məlumatlara əsasən əldə etdiyi məlumatları təqdim edir:
Siyahının başında ənənəvi olaraq Sinqapurun Baş naziri Lourens Vonq qərarlaşıb. Onun illik maaşı 2 milyon 720 min manat təşkil edir. Sinqapurun bu modeli özəl sektorun yüksək səviyyəli menecerlərinin maaşlarına əsaslanır ki, bu da korrupsiya riskini minimuma endirmək və peşəkar kadrları idarəetməyə cəlb etmək məqsədi daşıyır.
Dünyanın digər yüksək maaş alan liderləri siyahısında ikinci yeri İsveçrə prezidenti Qay Parmelin tutub. Parmelin 1,034,748 manat maaş alır.
Üçünücü yerdə isə, ABŞ Prezidenti Donald Tramp dayanıb. Tramp 680,000 manat maaş alır. Qeyd edək ki, Tramp əvvəlki dönəmində olduğu kimi, maaşından simvolik olaraq imtina edə biləcəyini bəyan edib.
Avstraliya Baş naziri Entoni Albaneze də yüksək maaş alanlar siyahısındadır. Belə ki, o, 1,156,000 manat maaş alır. Almaniya Kansleri Fridrix Mers 716,364 manat, Kanada Baş naziri Mark Karni 567,121 manat maaş alırlar.
Regionda və qonşu ölkələrdə vəziyyət necədir?
Araşdırmaya əsasən, Azərbaycanda ölkə başçısının rəsmi maaşı qanunvericiliklə müəyyən edilmiş ştat cədvəlinə uyğun olaraq, aylıq 15,000 AZN təşkil edir ki, bu da illik təxminən 180,000 AZN (106,000 dollar) deməkdir. Lakin dövlət təminatı və digər imtiyazlar bura daxil deyil.
2026-cı il dövlət büdcəsi ayırmalarına əsasən, Türkiyə Prezidentinin maaşı illik 153,000 manat civarındadır.
Ukraynada isə müharibə şəraitini və qənaət rejimini nəzərə alaraq, Volodimir Zelenskinin rəsmi maaşı kifayət qədər aşağı saxlanılıb. İllik təxminən 20,400- 25,500 AZN.
Vladimir Putinin rəsmi bəyan etdiyi illik gəliri isə təxminən 238,000 manat olsa da, beynəlxalq analitiklər bu rəqəmin sadəcə “kağız üzərində” olduğunu bildiriblər. Gürcüstan Baş nazirinin illik maaşı təxminən 76,500 manat təşkil edir.
Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi illik maaşı isə təxminən 76,500 manat civarındadır. İranın Ali Rəhbər və Prezidentinin gəlirləri daxili fondlar tərəfindən tənzimləndiyi üçün rəsmi rəqəmlər şəffaf deyil, lakin rəsmi maaşın illik 34,000 manatdan az olduğu təxmin edilir.
Rəsmi maaşlar mənzərənin yalnız bir hissəsidir. Liderlərin əksəriyyəti pulsuz yaşayış (iqamətgahlar), yüksək səviyyəli təhlükəsizlik xidməti, şəxsi təyyarə və geniş heyət tərəfindən təmin olunur ki, bu xərclər birbaşa dövlət büdcəsindən qarşılanır.Sfera.az





















