Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən Fələstində yaşanan hadisələrlə bağlı sərt açıqlamalar verib. Korrekt.az xəbər verir ki, Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun fəaliyyətlərini kəskin tənqid edərək bildirib ki, bu əməllər cavabsız qalmayacaq.
Prezident Ərdoğan yeni ilin ilk günündə Fələstindəki qırğınlara etiraz məqsədilə Qalata körpüsündə keçirilən mitinqə toxunaraq deyib:
“Yeni ilə qədəm qoyarkən Qalata körpüsündə tarixi bir anın şahidi olduq. Bu, Fələstinin tək olmadığını göstərdi. Fələstin həmişə bizim ən əziz dostumuzdur və İsrailin düşmənçiliyi cəzasız qalmayacaq”.
Türkiyənin Qəzza və Fələstindən imtina etmədiyini vurğulayan Ərdoğan qeyd edib ki, bundan sonra da bölgə tək qalmayacaq:
“Türkiyə və İslam dünyası olaraq bütün imkanlarımızla Fələstin və Qəzzanın yanında olacağıq. 2026-cı ilə daha güclü şəkildə daxil oluruq. Netanyahu adlı bu firon etdiklərinə görə cəzasız qalmayacaq. Gəncdən qocaya qədər bir çox günahsız insanın ahı onun üzərindədir”.
Prezident humanitar yardım məsələsinə də toxunaraq bildirib ki, Türkiyə Qəzzaya konteynerlər göndərmək istəyir, lakin buna icazə verilmir:
“Bizim konteynerlərimiz var və bununla fələstinli qardaşlarımızı ağır şəraitdən xilas edə bilərdik. Amma buna icazə verilmir. Buna baxmayaraq, gec-tez, Allahın izni ilə, o məzlum insanları bu əzabdan xilas edəcəyik”.





















