image-1backend

Ərdoğan: Türkiyə regionun söz sahibidir 

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib. Ərdoğan çıxışında bildirib ki, bölgədə davam edən qeyri-sabitliyə baxmayaraq, Türkiyə sabitliyini qoruyaraq regionun ən etibarlı ölkələrindən birinə çevrilib.

Korrekt.az xəbər verir ki, Ərdoğan çıxışının əvvəlində Tekirdağın Çorlu rayonunda baş verən təhlükəsizlik hadisəsində şəhid olan polis əməkdaşları Erkan Tütüncülər və Emrah Koçun ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib. O, həmçinin Mersinin Tarsus rayonunda baş verən silahlı hücum nəticəsində həyatını itirən şəxslərin ailələrinə də başsağlığı çatdırıb.

Ərdoğan Nazirlər Kabinetinin iclasında “Terrordan azad Türkiyə” prosesi, beynəlxalq təhlükəsizlik, İraq, Somali və Qara dənizdə baş verən hadisələr, eləcə də iqtisadi və hüquqi məsələlərin müzakirə olunduğunu bildirib.

Prezident qeyd edib ki, dünyada yanacaq qiymətlərinin sabitləşməməsi, təchizat zəncirində problemlərin davam etməsi və Hörmüz boğazındakı gərginlik qlobal iqtisadiyyatda ciddi qeyri-müəyyənlik yaradır. Onun sözlərinə görə, bəzi böyük maliyyə dairələri mövcud böhranlardan istifadə edərək daha çox qazanc əldə etməyə çalışırlar:

“Orta və aşağı gəlirli insanların həyat şəraiti çətinləşdiyi halda, böyük kapital sahiblərinin sərvəti artır. Hər müharibə öz iqtisadi sistemini yaradır və bunun qalibləri ilə məğlubları olur”, – deyə Ərdoğan bildirib.

Prezident Türkiyədə bəzi siyasi dairələrin böhranlardan siyasi fayda əldə etməyə çalışdığını da vurğulayıb. O bildirib ki, müxalifət hökumətin atdığı addımları dəstəkləmək əvəzinə, prosesləri siyasi məqsədlərlə manipulyasiya etməyə çalışır:

“Müxalifətdə olmaq ölkənin maraqlarına zərbə vurmaq demək deyil. Hər kəs ‘öncə millətim, öncə ölkəm’ prinsipi ilə hərəkət etməlidir”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri qlobal problemlərin artıq bütün ölkələrə təsir etdiyini bildirib və qeyd edib ki, bölgədəki müharibələrin təsiri Türkiyəyə də çatır. Buna baxmayaraq, son 23 ildə atılan addımlar sayəsində Türkiyənin iqtisadiyyat, enerji, təhlükəsizlik və müdafiə sahələrində daha dayanıqlı ölkəyə çevrildiyini vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə diplomatiya və dialoqa üstünlük verərək bölgədə gərginliyin azalmasına çalışır. Onun sözlərinə görə, Türkiyə həm regional böhranların idarə edilməsində, həm də təhlükəsizlik məsələlərində mühüm rol oynayır:

“Ətrafımızdakı qeyri-sabitliyə baxmayaraq, Türkiyə regionda sabitlik adası kimi ortaya çıxıb. Müharibədən əvvəlki dövrə qayıtmaq zaman ala bilər, lakin ölkəmiz yoluna əvvəlkindən daha güclü şəkildə davam edəcək”, – deyə Prezident bildirib.

Ərdoğan beynəlxalq investorların Türkiyəyə marağının artdığını, Avropa ölkələrinin isə Ankara ilə münasibətlərini inkişaf etdirməyə çalışdığını qeyd edib. O, Türkiyənin müdafiə sənayesində böyük uğurlar əldə etdiyini vurğulayaraq, SAHA EXPO–2026 sərgisində 120 ölkədən 1700-dən çox şirkətin iştirak etdiyini və tədbirdə 8 milyard dollarlıq biznes həcminin formalaşdığını bildirib.

Prezident həmçinin Türkiyənin Türk dünyası ilə münasibətlərdə mühüm addımlar atdığını qeyd edib. Türk Dövlətləri Təşkilatının fəaliyyətinə toxunan Ərdoğan təşkilat çərçivəsində ticarət, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın gücləndiyini deyib.

Qazaxıstana son səfərini xatırladan Prezident Ərdoğan iki ölkə arasında “Əbədi Dostluq və Genişləndirilmiş Strateji Tərəfdaşlıq Bəyannaməsi”nin imzalandığını və ticarət dövriyyəsinin artırılmasının hədəfləndiyini bildirib.

Ərdoğan çıxışında Qəzza məsələsinə də toxunub. O, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatları sərt şəkildə tənqid edib və beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə qarşı tədbir görməyə çağırıb.

Prezident sonda yaxınlaşan Qurban bayramı münasibətilə bütün İslam dünyasını təbrik edib, vətəndaşlara yol hərəkəti qaydalarına ciddi əməl etmələri ilə bağlı çağırış edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki