Türkiyənin Afyonkarahisar vilayətində səkkiz nəfərin qətlə yetirilməsinin səbəbi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Məlum olub ki, qanlı hadisənin kombaynın alqı-satqısı ilə bağlı yaranan borc mübahisəsi zəminində törədildiyi ehtimal olunur.
Korrekt.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı Arif Sefa Özdemir kombaynı ötən il 40 min avroya aldığını bildirib. Lakin texnikanın naməlum səbəbdən yanmasından sonra alıcı ilə satıcı arasında mübahisə yaranıb.
İddialara görə, kombaynın sahibi qalan 11 min avro borcun ödənilməsini tələb edib. Şübhəli isə borcunun 4 min avrodan artıq olmadığını düşünərək ödəniş tələbi ilə razılaşmayıb.
Mübahisənin sonradan zorakılığa çevrildiyi bildirilir.
İstintaq materiallarına əsasən, şübhəli şəxs ov tüfəngindən istifadə edərək üç kişini öldürüb. O, saxlanıldıqdan sonra avtomobillərini ələ keçirmək məqsədilə daha beş nəfəri qətlə yetirdiyini etiraf edib.
Xatırladaq ki, qanlı hadisə noyabrın 5-də Afyonkarahisar vilayətinin kənd ərazilərində baş verib.
İlkin məlumatlara görə, qırmızı avtomobillə hərəkət edən silahlı şəxs pompalı ov tüfəngindən insanlara və yoldan keçən avtomobillərə atəş açıb.
Yuxarıtandır kəndində iki qadının, Kır kəndində üç, Ayazini ərazisində isə daha üç nəfərin meyiti aşkarlanıb. Hadisə nəticəsində bir nəfər də ağır yaralanıb.
Polis hadisədən sonra qaçan şübhəlini Əskişəhərdə saxlayıb.
Faktla bağlı araşdırma davam etdirilir.





















