ABŞ prezidenti Donald Tramp Türkiyə ilə İsrail arasında vəziyyətin daha da gərginləşəcəyini gözləmədiyini bildirib.
“Mən Ərdoğanı çox bəyənirəm. O, güclü insandır… Düşünmürəm ki, Türkiyə ilə belə bir şey baş versin – ən azı mən prezident olduğum müddətdə. Çünki Ərdoğan mənə hörmət edir, mən də ona hörmət edirəm”, – Tramp jurnalistlərə bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, İsrailin Suriya və Livana qarşı hərəkətləri təkcə bu ölkələr üçün deyil, Türkiyənin özü üçün də təhlükə yaradıb.
Türkiyə prezidentinin İsrailə münasibəti son dərəcə tənqidi və gərgin xarakter daşıyır. Bu, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda xüsusilə gərgin xarakter alıb. Türkiyə lideri ardıcıl olaraq İsrailin hərəkətlərini sərt şəkildə pisləyir, onun rəhbərliyini “hərbi cinayətlər” törətməkdə və müstəqil Fələstin dövlətinin yaradılması prosesinə mane olmaqda ittiham edir.
Onun mövqeyinin əsas xüsusiyyətlərindən biri sərt ritorikadır. Türkiyə prezidenti mütəmadi olaraq İsrailin baş naziri Benyamin Netanyahunun ünvanına kəskin tənqidlər səsləndirir və bildirir ki, İsrailin hərəkətləri təkcə regionda deyil, bütün dünyada sülhə təhlükə yaradır.
Ərdoğan özünü fələstinlilərin hüquqlarının müdafiəçisi kimi təqdim edir. Ankara qəti şəkildə Yerusəlimin statusunun dəyişdirilməsinə yönələn istənilən cəhdlərə qarşı çıxır və 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin tanınmasının vacibliyində israr edir.
Türkiyə lideri İsrailin hazırkı siyasətini Türkiyənin Yaxın Şərqdəki geosiyasi maraqları üçün təhdid hesab edir və region dövlətlərinin, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanının iştirakı ilə, lakin xarici qüvvələrin müdaxiləsi olmadan təhlükəsizlik sisteminin formalaşdırılmasına çağırır.
Türkiyə rəhbərliyinin rəsmi mövqeyi ondan ibarətdir ki, ikitərəfli münasibətlərin normallaşması yalnız hərbi əməliyyatların tam dayandırılması, Qəzzadakı “humanitar böhranın” həlli və Fələstin dövlətçiliyinin tanınması şərti ilə mümkündür. Keçmişdə diplomatik yaxınlaşma cəhdləri vaxtaşırı müşahidə olunsa da, hazırkı böhran şəraitində iki ölkə arasındakı münasibətlər faktiki olaraq dondurulub və rekord dərəcədə aşağı səviyyədədir.
Ərdoğanın keçmiş müttəfiqinə qarşı bu qədər sərt ritorikası sonda nəyə gətirib çıxara bilər? Bütün hədələyici bəyanatlarına baxmayaraq nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycan neftinin ərazisi vasitəsilə İsrailə tranzitini dayandırmır. Bu, 2023-cü il oktyabrın 7-də fələstinli terrorçuların İsrailin dinc sakinlərinə qarşı həyata keçirdiyi amansız hücumdan əvvəl də belə olub və bu gün də davam edir. İsrail üçün yanacaq Türkiyə boru kəmərləri vasitəsilə nəql olunur.
Bu qədər qəribə vəziyyəti nəzərə alsaq, iki dövlət arasında hərbi əməliyyatların başlanması mümkündürmü? Əgər mümkündürsə, belə bir vəziyyətdə Azərbaycan hansı seçimi etməli olacaq?
Tanınmış israilli publisist Aleksandr Nepomnyaşiy mövzu ilə bağlı fikirlərini fikirlərini Pressklub.az-la bölüşüb.

O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə İsrailə qarşı sərt hücumlarla çıxış etməsində yeni heç nə yoxdur.
“Son illər ərzində bu cür bəyanatlar o qədər adi hala çevrilib ki, artıq təəccüb doğurmur.
Türkiyə lideri yenidən İsraili Suriya və Livana qarşı təcavüzdə ittiham edib. Lakin həmişə olduğu kimi, sadə bir fakt diqqətdən kənarda qalıb: İsrailin bu istiqamətlərdə həyata keçirdiyi əməliyyatlar boş yerdə yaranmayıb. Uzun illər ərzində İranın proksi qüvvələri – ilk növbədə Hamas və Hizbullah – sərhədyanı əraziləri İsrailə hücumlar üçün dayaq məntəqəsinə çeviriblər. Dinc şəhərlərin raket atəşinə tutulması, sərhəd yaşayış məntəqələrinə müdaxilə təhdidləri, İsrail sərhədlərinin bilavasitə yaxınlığında hərbi infrastrukturun yaradılması indiki böhrandan xeyli əvvəl regional reallığın bir hissəsinə çevrilmişdi.
Bu səbəbdən İsrailin məhz Livan və Suriya üçün təhlükə yaratdığı barədə iddialar, yumşaq desək, birtərəfli görünür. Üstəlik, Livandan danışsaq, İranın proksi qüvvələrinin təsirinin zəifləməsi perspektivdə bu ölkəyə zərərdən çox fayda gətirə bilər. Uzun illər ərzində məhz Hizbullah Livanı faktiki olaraq daimi böhran vəziyyətində saxlayaraq onu başqalarının geosiyasi oyun meydanına çevirib.
Ərdoğanın növbəti sözlü hücumunun səbəbləri isə tam aydındır. Bunlar praqmatik, hətta müəyyən mənada kinik səbəblərdir. Türkiyə lideri uzun müddətdir ki, anti-İsrail ritorikasından islam dünyasında öz mövqelərini möhkəmləndirmək üçün vasitə kimi istifadə edir. İsrailə qarşı ittihamlar nə qədər sərt səslənirsə, müsəlmanların müdafiəçisi və regionun siyasi lideri roluna iddia etmək bir o qədər asan olur.
Etiraf etmək lazımdır ki, bu mexanizm artıq uzun illərdir işləyir.
Lakin sözlə əməl arasında nəzərəçarpacaq fərq mövcuddur.
Sərt bəyanatlara baxmayaraq, söhbət real iqtisadi maraqlardan gedəndə Türkiyə İsraillə əlaqələri qırmağa tələsmir. Azərbaycan nefti Türkiyə ərazisi vasitəsilə İsrailə çatdırılmaqda davam edir. Ticarət marşrutları fəaliyyətini davam etdirir. Bir çox türk malları İsraillə bağlı logistika zəncirləri vasitəsilə ərəb ölkələrinin bazarlarına çıxarılır. İqtisadi məsələlərə gəldikdə isə ideologiya adətən mühasibat hesablamalarının qarşısında geri çəkilir.
Məhz buna görə də Ərdoğanın əksər çıxışları İsraildə adətən xüsusi emosiyalar doğurmur. Çünki dünya siyasətçilərinin İsrail əleyhinə səsləndirdikləri hər bəyanata reaksiya verilsə, hökumətin dövlət işləri ilə məşğul olmağa sadəcə vaxtı qalmaz.
Lakin bu dəfə cavab gəldi.
İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə liderini sərt tənqid edərək bildirib ki, HAMAS-ı dəstəkləyən, siyasi rəqiblərini təqib edən və kürdlərə qarşı mübarizə aparan bir şəxsin İsrail üçün mənəvi hakim rolunda çıxış etməsi çətin görünür.
Bu cür ifadələrin diplomatik olub-olmaması barədə mübahisə etmək olar, lakin bir həqiqəti inkar etmək mümkün deyil: Netanyahu növbəti hücumu cavabsız qoymamağa hazır olduğunu nümayiş etdirdi. Üstəlik, o xatırlatdı ki, beynəlxalq siyasətdə mənəviyyatla bağlı mühazirələr yalnız o zaman inandırıcı səslənir ki, onları söyləyən tərəfin öz reputasiyası qüsursuz olsun.
Təbii ki, burada daxili siyasətin də rolu var. İsrail növbəti seçki dövrünə qədəm qoyur və seçkilər zamanı siyasətçilər sərt mövqe nümayiş etdirmək imkanını nadir hallarda əldən verirlər. Bu baxımdan Netanyahu Ərdoğanın yaratdığı imkandan maksimum səmərə ilə istifadə etdi.
Lakin ekspertin fikrincə, söz savaşlarından daha vacib olan başqa məqamlar var”, – ekspert vurğulayıb.
Onun sözlərinə görə, jurnalistlərin gurultulu bəyanatları müzakirə etdikləri vaxt Türkiyə kifayət qədər praktik siyasətlə məşğul olur.
“Bir neçə gün əvvəl Ankara və Ər-Riyad dəmir yolu nəqliyyatı və logistika sahəsində əməkdaşlığa dair memorandumlar imzalayıblar. Söhbət Suriya, İordaniya və mümkün olaraq İraq üzərindən Türkiyə ilə Səudiyyə Ərəbistanını birləşdirəcək potensial nəqliyyat dəhlizindən gedir. Bu layihə Yaxın Şərqin gələcək ticarət marşrutları xəritəsi uğrunda mübarizənin bir hissəsi kimi nəzərdən keçirilir.
Burada verilən siqnal son dərəcə aydındır.
Son illərdə İsrail Hindistanı, Fars körfəzi ölkələrini, İsraili və Avropanı birləşdirməli olan nəqliyyat dəhlizi ideyasını irəli sürürdü. Yeni Türkiyə-Səudiyyə layihəsi isə İsrailin rolunun xeyli azaldıldığı, yaxud ümumiyyətlə nəzərdə tutulmadığı alternativ variant kimi qiymətləndirilir.
Üstəlik, Türkiyə rəhbərliyinin nümayəndələri artıq bu cür təşəbbüslərin siyasi mahiyyətini gizlətmirlər. Regionda İsrailin təsirinin azaldılması və yeni iqtisadi güc mərkəzlərinin formalaşdırılması zərurəti barədə bəyanatlar səslənir.
Sual yalnız ondan ibarətdir ki, bu planlar nə dərəcədə realdır.
Xəritədə hər şey gözəl görünür. Lakin xəritə üzərində çəkilmiş cəlbedici xətlə real işləyən nəqliyyat marşrutu arasında çox böyük məsafə var. Suriya hələ də infrastrukturu dağıdılmış, ciddi təhlükəsizlik problemləri və bərpa üçün nəhəng xərclərlə üzləşən ölkə olaraq qalır. Buna görə də hələlik Suriya ərazisindən keçən marşrutun İordaniya və İsrail üzərindən keçərək daha sonra yüklərin dəniz yolu ilə Avropaya göndərilməsi variantından daha etibarlı və iqtisadi cəhətdən sərfəli olacağı heç də aydın deyil.
Məhz buna görə Ərdoğanın bugünkü ritorikası hələlik elə ritorika olaraq qalır.
Lakin onu tamamilə zərərsiz hesab etmək də səhv olardı.
Əgər yaxın illərdə İranın regiondakı təsiri həqiqətən zəifləyərsə, Türkiyə boşalan məkanı tutmağa cəhd göstərə bilər. Belə olan halda isə İsrailin Yaxın Şərqdəki əsas geosiyasi rəqibi artıq Tehran deyil, Ankara olacaq.
Hələlik belə bir ssenari nə yaxın ayların, nə də yaxın illərin məsələsi kimi görünür. Ancaq yaxın on-on beş illik perspektivdə artıq fantastik deyil.
Ərdoğan praqmatik siyasətçi olaraq qalır. Lakin praqmatiklər də qüvvələr balansının öz xeyirlərinə dəyişdiyini düşündükləri halda eskalasiyaya gedə bilərlər. Əgər Türkiyə rəhbərliyi nə vaxtsa İsrailin zəiflədiyi və öz maraqlarını əvvəlki kimi effektiv müdafiə edə bilmədiyi qənaətinə gəlsə, bugünkü söz qarşıdurması daha ciddi xarakter ala bilər.
Hadisələrin belə inkişafı Azərbaycan üçün olduqca mürəkkəb sınağa çevrilərdi. Həm İsrail, həm də Türkiyə Bakı üçün mühüm tərəfdaşlardır. Onlardan biri arasında seçim etmək yalnız itkilər gətirə bilər.
Məhz buna görə ciddi Türkiyə-İsrail böhranı baş verəcəyi təqdirdə ən məntiqli strategiya fəal vasitəçiliklə müşayiət olunan neytrallıq ola bilər. Azərbaycan regionun həm Ankarada, həm də Yerusəlimdə yüksək etimada malik olan azsaylı ölkələrindən biridir. Bu unikal mövqe ölkəyə münaqişə tərəflərindən birini seçmək deyil, dialoqun qorunmasına yardım edə biləcək dövlət rolunda çıxış etmək imkanı verir.
Nəhayət, Yaxın Şərq böyük ambisiyaların və gurultulu bəyanatların qiymətini çox yaxşı bilir.
Şərqdə dedikləri kimi, on-on beş il ərzində çox şey baş verə bilər. Əmir də ölə bilər, eşşək də. Yaxud regiondakı bütün qüvvələr nisbəti dəyişə bilər”, – Nepomnyaşiy yekunlaşdırıb.pressklub.az





















