image-bez-nazvaniyabackend

Məşhur narkobaron necə ələ keçdi? – Milyonlar ona kömək etmədi

image-ads-728x90

Meksikalı narkotik baronu Xoakin Quzman Loera, daha çox “El Çapo” ləqəbi ilə tanınır. O, bir zamanlar Meksikanın ən güclü cinayətkar təşkilatlarından biri hesab edilən Sinaloa Kartelinin rəhbəri olub. Dövlət strukturlarına nüfuz etmək, rəqiblərinə qarşı amansız mübarizə aparmaq və narkotiklərin daşınması üçün innovativ üsullar tapmaq bacarığı onu kriminal aləmdə əfsanəyə çevirib.

2014-cü ilin fevralında həbs olunana qədər El Çapo Qərb yarımkürəsində ən çox axtarılan cinayətkar hesab edilirdi. O, iki dəfə həbsxanadan qaçmağa nail olub və bu qaçışlar onu dünyanın ən məşhur narkobaronlarından birinə çevirib.

El Çapo Meksikanın Sinaloa ştatının Badiraquato bölgəsində kasıb fermer ailəsində dünyaya gəlib. Uşaqlıq illərində bazarlarda portağal sataraq ailəsinə kömək edib. Daha sonra qaçaqmalçılıqla məşğul olan qohumlarının təsiri altında narkotik daşınması şəbəkəsinə qoşulub.

İlk vaxtlar marixuana ticarəti ilə məşğul olan Quzman sonradan kokain qaçaqmalçılığına keçərək ABŞ bazarına çıxışı təmin edib. Formal təhsili az olsa da, narkotik biznesində qeyri-adi təşkilatçılıq qabiliyyəti ilə seçilib. ABŞ-Meksika sərhədi boyunca tikilən gizli tunellər və mürəkkəb logistika sistemləri onun əsas üstünlüklərindən biri hesab olunurdu.

1990-cı illərdə El Çapo digər narkotik qruplarından ayrılaraq öz təsir dairəsini genişləndirməyə başladı. Xüsusilə Tixuana marşrutuna nəzarət edən Arellano Feliks qardaşları ilə mübarizə onun kriminal karyerasının ən qanlı səhifələrindən biri oldu.

1993-cü ildə ona qarşı sui-qəsd cəhdi təşkil edildi. Bundan sonra Qvatemalaya qaçan Quzman yerli hakimiyyət orqanları tərəfindən saxlanılaraq Meksikaya təhvil verildi.

Lakin həbsxana onun fəaliyyətini dayandırmadı. Əksinə, El Çapo həbsxanadan karteli idarə etməyə davam etdi. Rüşvət hesabına xüsusi imtiyazlar əldə etdi, ailə üzvləri və yaxınları ilə sərbəst görüşdü, kartelin fəaliyyətinə nəzarəti əldən vermədi.

2001-ci ildə ABŞ-a ekstradisiya təhlükəsi yarananda El Çapo Meksika həbsxanasından qaçmağa nail oldu. Məlumatlara görə, o, çirkli paltar arabasında gizlədilərək həbsxanadan çıxarılmışdı.

Bundan sonra o, on ildən artıq müddətdə hüquq-mühafizə orqanlarından gizlənməyi bacardı. Bu dövrdə Sinaloa Karteli dünyanın ən böyük narkotik təşkilatlarından birinə çevrildi.

2014-cü il fevralın 22-də Meksika xüsusi təyinatlı qüvvələri onu Mazatlan şəhərindəki oteldə həbs etdi. Həmin vaxt onun tutulmasına görə 5 milyon dollarlıq mükafat təyin edilmişdi.

Lakin El Çapo bununla da tarixə düşəcək addım atdı. 2015-ci il iyulun 11-də o, ölkənin ən ciddi mühafizə olunan həbsxanalarından birindən 1,5 kilometrlik yeraltı tunel vasitəsilə qaçdı. Bu hadisə Meksika təhlükəsizlik sisteminin ən böyük uğursuzluqlarından biri kimi qiymətləndirildi.

2016-cı il yanvarın 8-də Meksika hökuməti El Çaponun yenidən həbs olunduğunu elan etdi. Bir il sonra, 2017-ci il yanvarın 19-da o, ABŞ-a ekstradisiya edildi.

ABŞ-da keçirilən uzunmüddətli məhkəmə prosesi zamanı Quzman narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması, cinayətkar təşkilata rəhbərlik və digər ağır cinayətlərdə təqsirli bilinib.

2019-cu ilin fevralında münsiflər heyəti onu bütün ittihamlar üzrə günahkar hesab etdi. Həmin ilin iyulunda El Çapo şərti azadlığa buraxılmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edildi.

Hazırda El Çapo ABŞ-ın ən sərt rejimli həbsxanalarından biri olan ADX Florencedə saxlanılır. “Qayalı dağların Alkatrazı” kimi tanınan bu həbsxanada məhbuslar günün 23 saatını təkadamlıq kamerada keçirirlər.

2026-cı ilin mayında El Çapo ABŞ məhkəməsinə yeni müraciətlər göndərərək işinə yenidən baxılmasını və Meksikaya qaytarılmasını istəyib. Lakin məhkəmə bu tələbləri hüquqi əsasdan məhrum hesab edib.

El Çaponun həbsindən sonra Sinaloa Karteli fəaliyyətini dayandırmayıb. Təşkilat daxilində onun oğullarının rəhbərlik etdiyi “Çapitos” qrupu ilə uzun illər kartelin əsas fiqurlarından biri olmuş İsmael Zambada Qarsiyanin tərəfdarları arasında nüfuz mübarizəsi başlayıb.

2024-cü ildə El Mayonun ABŞ hakimiyyətinə təhvil verilməsindən sonra kartel daxilində ciddi parçalanma baş verib və təşkilat qanlı daxili qarşıdurmalar dövrünə qədəm qoyub.

Bir vaxtlar dünyanın ən güclü narkobaronu hesab edilən El Çaponun hekayəsi beləliklə həbsxana kamerasında başa çatsa da, onun qurduğu cinayət imperiyasının təsirləri bu gün də Meksika və Latın Amerikasında hiss olunmaqda davam edir.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki