“The Times of Israel” qəzetinin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqton və Tehran arasında davam edən danışıqlara münasibət bildirərkən bir daha İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib.
Korrekt.az xəbər verir ki, onun açıqlaması ABŞ prezidenti Donald Trampın ABŞ-İran razılaşmasının tezliklə bağlanması ehtimalı ilə bağlı nikbin qiymətləndirmələri fonunda verilib.
Netanyahu, ofisinin yaydığı açıqlamada vurğulayıb ki, “Mən İsrailin Baş naziri olduğum müddətcə İranın nüvə silahı olmayacaq”.
İsrail Baş naziri həmçinin qeyd edib ki, bu məsələdə onunla Tramp arasında tam anlaşma var.
“Prezident Trampla mənim aramda bu məsələ ilə bağlı tam razılıq var”, – deyə o bildirib.
Netanyahu xatırladıb ki, o, otuz ildən çoxdur ki, İranın nüvə proqramına qarşı beynəlxalq mübarizə aparır.
İsrailin baş naziri bildirib ki, “Bu mübarizə olmasaydı, İran çoxdan İsraili məhv etmək üçün nüvə bombalarına sahib olardı”.
Onun sözlərinə görə, Tehran yəhudi dövlətini məhv etməyə çalışmağa davam edir və bunun qarşısını almaq onun əsas məqsədi olaraq qalır.
Netanyahu deyib: “İran yəhudi dövlətini məhv etmək üçün çalışır və mən həyatımı bunun qarşısını almağa həsr etmişəm. Mən İsrailin baş naziri olduğum müddətcə bu baş verməyəcək.”





















