Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi Vətənin azadlığı uğrunda canından keçən igid oğulların şərəfli həyat yolu ilə zəngindir. Bu qəhrəmanlar sırasında Azərbaycanın ilk hərbi təyyarəçisi, Milli Qəhrəman Vaqif Bəxtiyar oğlu Qurbanovun xüsusi yeri var. O, ölkəmizin ən ağır və taleyüklü günlərində qorxmadan mübarizə meydanına atılmış, göstərdiyi cəsarət və fədakarlıqla adını Azərbaycan hərb tarixinin qızıl səhifələrinə yazdırmışdır. Vaqif Qurbanovun həyat və döyüş yolu təkcə bir qəhrəmanın bioqrafiyası deyil, həm də Vətən sevgisinin, dövlətə sədaqətin və milli ruhun təntənəsinin parlaq nümunəsidir.
Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız işğala məruz qalandan, xüsusən Xocalı faciəsi baş verəndən sonra gənc təyyarəçi Azərbaycanda hərbi təyyarə dəstəsi yaradaraq vətənin qisasını almağı qarşısına məqsəd qoymuşdu. 1992-ci ilin aprelində o, 80-ci dislokasiya olunmuş aviapolkun yerləşdiyi keçmiş sovet hərbi hava qüvvələrinə məxsus Sitalçay hərbi aerodromundan “Su-25” döyüş təyyarəsini Azərbaycan Hərbi Hava Qüvvələrinin xidmətinə gətirib və Vətənimizin müdafiəsi uğrunda saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirib.
Mayın 8-i və 9-u V.Qurbanovun reydləri nəticəsində Qarabağdakı erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürülüb, 120 nəfər yaralanıb.
9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan Yak-40 erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş edib. 12 iyunda Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Goranboy istiqamətində düşmənin müdafiə xəttini yarıb və nəticədə 20-dək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilib.
V.Qurbanov həmçinin Xocavənd və Əsgəran istiqamətində döyüşlərdə iştirak edib. Nəticədə düşmən tərəf ağır itkilər verib.
O, göstərdiyi şücaət, cəsarət və fədakarlıqla Azərbaycan hərb tarixində silinməz iz qoyub.
13 iyun 1992-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olan Vaqif Qurbanov ömrünü Vətənimizin müdafiəsinə həsr edib. Vətən yolunda həyatını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş igid təyyarəçinin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi xalqımızın öz qəhrəmanlarına verdiyi yüksək dəyərin təzahürüdür.
Vaqif Qurbanovun şərəfli ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik, cəsarət və fədakarlıq nümunəsidir. Onun həyat hekayəsi göstərir ki, Vətənə sevgi yalnız sözlə deyil, əməli fəaliyyət, məsuliyyət və fədakarlıqla təsdiqlənməlidir. Azərbaycanın ən ağır günlərində öz təhlükəsizliyini deyil, xalqının və dövlətinin mənafeyini üstün tutan Vaqif Qurbanov qəhrəmanlığın, sədaqətin parlaq simvoluna çevrilib.
Bu gün təhsil müəssisələrində belə qəhrəmanların həyat yolunun öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Vaqif Qurbanovun göstərdiyi qətiyyət, qorxmazlıq və peşəkarlıq gənclərə öz dövlətinə bağlı olmağın, məsuliyyət hissi ilə yaşamağın və çətin məqamlarda milli maraqları hər şeydən üstün tutmağın vacibliyini aşılayır.
Onun həyat yolu həm də gənclərdə milli qürur hissinin formalaşmasına xidmət edir. Vaqif Qurbanovun timsalında gənc nəsil görür ki, xalqın taleyində həlledici məqamlarda hər bir vətəndaşın mövqeyi və fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Milli Qəhrəmanın ömür yolu Azərbaycan gənclərinin vətənpərvər, milli dəyərlərə bağlı, dövlətçilik ənənələrinə sadiq ruhda yetişməsində çox uğurlu nümunədir.
Qəhrəmanlarımızın xatirəsinin yaşadılması, onların şərəfli həyat və döyüş yolunun gənc nəslə çatdırılması vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir. Vaqif Qurbanovun adı və qəhrəmanlığı gələcək nəsillərə örnək olmaqla xalqımızın yaddaşında daim yaşayacaq.
Könül Nurullayeva
Milli Məclisin deputatı





















