Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik layihəsi müzakirə edilib.
Layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.

Qeyd edib ki, təklif edilən qanun layihəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb:
“Məlum olduğu kimi, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən – fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır. Bu məsələnin həlli üçün qanunvericiliyə “şəxsi jeton” anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir”.
Arzu Nağıyev deyib ki, jeton şəxsiyyəti müəyyənləşdirmək üçün hərbi qulluqçular tərəfindən boyuna taxılan xüsusi metal lövhələrdir:
“Jeton qan qrupunu, Rh faktorunu və bəzən vacib tibbi məlumatları (məsələn, allergiya) göstərə bilər. Əgər əsgər sənədlərini itiribsə, jeton onun adını, nömrəsini və digər məlumatları tapmağa imkan verir. Jetonun görünürləri tipik olaraq, bu, boyun ətrafında bir zəncirlə geyilən və şəxsi məlumatlarla həkk olunmuş bir metal lövhədir (bəzən iki). Bəzi ordularda çox vaxt bir əsgər iki jeton taxır: biri bədəndə qalır, digəri hesabat üçün götürülür”.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.





















