“Aşkarlanan pozuntular cinayət işinin başlanması üçün kifayət edir”
Azərbaycanda yolların əsaslı təmirinə ayrılan milyonlarla manat dövlət vəsaitinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verilib.
Korrekt.az-ın bir neçə gün öncə Hesablama Palatasına istinadla yayımladığı məqalədə 14 yerli icra hakimiyyəti orqanında apardığı analitik təhlil nəticəsində işlərin həcmi və dəyərinin süni şəkildə artırıldığı, satınalma prosedurlarının formal xarakter daşıdığı, sənədlərin faktiki vəziyyəti əks etdirmədiyi və dövlət vəsaiti hesabına yaradılan yol aktivlərinin mühasibat uçotundan kənarda qaldığı üzə çıxıb.
Belə ki, Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarında, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhərlərində 2024–2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsi araşdırılıb. Yoxlamalar nəticəsində 14 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 1 milyon 78 min 610,9 manatlıq işin həcmi və dəyərinin süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edildiyi müəyyənləşdirilib.
Həmin vəsait isə dövlət büdcəsinə tam bərpa etdirilib. Bununla yanaşı, altı yerli icra hakimiyyəti orqanında ümumi dəyəri 6 milyon 291 min 235,7 manat olan təmir işlərinin satınalma müqaviləsi bağlandıqdan cəmi 1–2 gün sonra, bəzi hallarda isə dörd gün ərzində başa çatdırıldığına dair aktlar rəsmiləşdirilib. Bu hallar işlərə satınalma prosedurlarından əvvəl başlanılması və tenderlərin formal xarakter daşıması ilə bağlı ciddi suallar yaradıb.
Hesabatda söküntü zamanı əldə edilən qiymətli tikinti materiallarının mədaxil edilməməsi, daşınma xərclərinin qanunsuz olaraq smetalara daxil edilməsi, podratçıların müqavilə öhdəliklərini pozmasına baxmayaraq, cərimə mexanizmlərinin tətbiq edilməməsi kimi pozuntular da əksini tapıb. Bundan başqa, dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş, ümumi dəyəri 23 milyon 977 min 875,5 manat olan yol aktivləri mühasibat uçotunda qeydə alınmayıb. Qısacası, Hesablama Palatasının təhlili dövlət vəsaitlərinin xərclənməsi, satınalma prosedurları və maliyyə hesabatlılığı ilə bağlı ciddi nöqsanları üzə çıxarıb.
Bəs maraqlıdır, bu pozuntuların aşkarlanmasından sonra məsul şəxslər barəsində hansı tədbirlər görülə bilər? Həmçinin Hesablama Palatasının müəyyən etdiyi faktlar cinayət işinin başlanması üçün kifayət qədər əsas yaradırmı?
Bu barədə hüquqşünas Əkrəm Həsənov şərhində bildirib ki, aşkarlanan pozuntular cinayət işinin başlanması üçün kifayət edir.
Onun fikrincə, Palata müəyyən etdiyi faktlarla bağlı prokurorluğa müraciət etməli, müvafiq hüquq-mühafizə orqanları isə həmin hallara hüquqi qiymət verməlidir: “Bəli, mən hesab edirəm ki, bu pozuntular cinayət işinin başlanması üçün kifayətdir. Hesablama Palatası prokurorluğa müraciət etməlidir və prokurorluq da cinayət işinin başlanması məsələsini həll etməlidir. Burada söhbət dövlət vəsaitinin xərclənməsi zamanı aşkarlanmış ciddi pozuntulardan gedir. Belə faktlar müəyyən edilibsə, onların hüquqi baxımdan araşdırılması vacibdir”.
Əkrəm Həsənov qeyd edir ki, aşkarlanan faktlarla bağlı hansı tədbirlərin görüldüyü ictimaiyyətə açıqlanmalıdır: “Həmişə ictimaiyyətə Hesablama Palatasının bu və ya digər pozuntunu aşkarlaması barədə məlumatlar verilir. Palatanın yoxlamalarının nəticələri açıqlanır, maliyyə pozuntularından danışılır. Amma bundan sonra nə baş verdiyi, həmin faktlarla bağlı hansı tədbirlərin görüldüyü çox vaxt ictimaiyyətə məlum olmur”.
Hüquqşünas xatırladıb ki, bəzən bundan xeyli aşağı məbləğli pozuntularla bağlı belə cinayət işləri açılıb: “Ona görə də bu məsələdə aydınlıq olmalıdır. Palata belə nəticəyə gəlibsə, deməli, ortada araşdırılmalı hallar var. Həmin faktlar hüquqi baxımdan qiymətləndirilməli və nəticəsi barədə ictimaiyyətə məlumat verilməlidir”.“AzPolitika.info”





















