Korrekt.az xəbər verir ki, İran mediası Bəhreyndə ABŞ rəsmilərinin qaldığı otelə hücum edildiyi barədə məlumat yayıb.
“Pars Today” qəzetinin məlumatına görə, Bəhreyndə amerikalı rəsmilərin yerləşdiyi otel birbaşa hücuma məruz qalıb. Hadisə ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən ətraflı açıqlama verilməyib.
Mediada yayılan məlumatlara əsasən, hücumdan sonra otelin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və ərazi nəzarətə götürülüb.
Qətərin “Al Jazeera” telekanalı isə Bəhreyndə həyəcan siqnallarının səsləndirildiyini və təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirir. Hücumlar nəticəsində dağıntılar və insan tələfatı qeydə alınıb. Buna cavab olaraq İran İsrailə və bölgədə yerləşən ABŞ hərbi bazalarına raket hücumları həyata keçirib.
Məlumatlara görə, İsrail və ABŞ-ın hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər də həlak olub.
Bundan əlavə, martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı hərbi əməliyyatlara qoşulduğunu açıqlayıb. İsrail isə buna cavab olaraq təşkilatın mövqelərinə qarşı hücumlara başladığını elan edib.





















