image-1backend

İran müharibəsi Azərbaycan büdcəsinə necə təsir edib?

image-ads-728x90

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinə neft-qaz sektorundan 4 milyard 64,9 milyon manat daxil olub.

Korrekt.az  Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozla müqayisədə 12,4 milyon manat və ya 0,3 faiz çoxdur.

Birinci rübdə büdcəyə neft-qazdan gələn gəlirin 21,0 faizi və ya 854,9 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 79,0 faizi və ya 3 milyard 210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorundan daxilolmalar 6,9 faiz, yaxud 300,8 milyon manat azalıb.

Xatırladaq ki, ötən ilin birinci rübündə dövlət büdcəsinə neft-qaz sektorundan 4 milyard 365,7 milyon manat daxil olmuşdu.

Açıqlanan məlumatdan aydın olur ki, neft-qaz sektorundan büdcəyə vergi daxilolmaları kəskin azalıb. Belə ki, ötən ilin eyni dövründə bu mənbədən büdcəyə 1 milyard 155,7 milyon manat daxil olmuşdu. Bu ilki daxilolma bundan 300,8 milyon manat azdır.

Cari ilin ilk rübündə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və ya 417,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər(ötən il 471,1 milyon manat, azalma 53,7 milyon manat ), 37,4 faizi və ya 319,5 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi(572,9 milyon manat, azalma 253,4 milyon manat), 13,8 faizi və ya 118,0 milyon manatı Azəri-Çıraq-Günəşli yatağı üzrə mənfəət vergisindən(111,7 milyon manat, artım 6,3 milyon manat) ibarət olub.

Beləliklə, neft-qaz sektorunda yalnız “Əsrin Müqaviləsi” üzrə büdcəyə vergi ödənişində artım olub. Bu da İran münaqişəsi fonunda mart ayında neft qiymətlərinin iki dəfəyə yaxın artması ilə bağlıdır. Bu artım neft hasilatı və ixracındakı azalmanı kompensasiya edib. Belə ki, Energetika Nazirliyinin məlumatına əsasən bu ilin birinci rübündə Azərbaycanda 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bu dövrdə birlikdə 5,2 milyon ton neft ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 300 min tonu SOCAR-ın, 100 min tonu isə “Joined Operating Company Absheron Petroleum”un payına düşüb.

Qeyd edək ki, 2025-ci ilin 1-ci rübü ərzində Azərbaycanda kondensatla birlikdə 6,9 milyon ton neft hasil edilmişdi. Bunun da 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu “Şahdəniz”in, 140 min tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı 1,8 milyon ton təşkil edib. Ötən iı yanvar-mart ayları ərzində 5,7 milyon ton neft ixraca nəql olunub.

Ölkədə qaz hasilatı və ixracında azalma olmasa da, “Şahdəniz” yatağından büdcəyə mənfəət vergisi ödənişi iki dəfəyə yaxın azalıb. Bunun əsas səbəbi qazın satış qiymətindəki azalmadır. Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Bu göstərici ötən illə eynidir. Hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,9 milyard kubmetri “Şahdəniz”in(ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 1,5 faiz çox ), 0,4 milyard kubmetri “Abşeron” yatağının(dəyişməyib), 1,8 milyard kubmetri isə SOCAR-ın(0,2 milyard kubmetr və ya 10 faiz az) payına düşüb.

Bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib – bu göstərici ötən ilin birinci rübündəkindən 500 milyon kubmetr çoxdur. Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyanın payına düşüb.

Ötən ilin birincir rübündə xaricə qaz satışı 6 milyard kubmetr təşkil etmişdi. Bundan 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana satılmışdı.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki