Milli Məclisin plenar iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliklərə əsasən, vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar.
Mövcud qanunvericiliyə görə, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.
Təqdim olunan qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.
Nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.





















