Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq Qəzza şəhəri, Xan Yunis və Rəfahda hava hücumları həyata keçirib.
Korrekt.az xəbər verir ki, məlumata görə, İsrail hərbi təyyarələri Qəzzanın şərqində yerləşən Tuffah məhəlləsinə zərbələr endirib. Hava hücumları ilə eyni zamanda İsrail əsgərləri ərazidəki bəzi binaları partladıb. Partlayış səsləri şəhərin bir çox yerlərində eşidilib.
Şahidlərin sözlərinə görə, Xan Yunisin şərqindəki Beni Süheyla qəsəbəsi və Rəfahın bəzi bölgələri də hava zərbələri və hərbi texnika atəşinə məruz qalıb. Həm helikopterlər, həm də yaxınlıqdakı hərbi maşınlar intensiv atəş açıb.
Hücum nəticəsində ölən və ya yaralananlarla bağlı hələlik məlumat verilmir.
Qeyd edək ki, İsrail ordusu oktyabrın 10-da əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq Qəzzanın təxminən 50 faizini əhatə edən “Sarı Xətt”ə çəkilib. Lakin İsrailin işğalı altında olan və fələstinlilərin girişinə qadağa qoyulan ərazilərdə bombardman və dağıtma fəaliyyəti həftələrdir davam edir.
Qəzza hökumətinin mətbuat xidmətinin məlumatına görə, İsrail oktyabrın 10-dan bəri razılaşmanı təxminən 500 dəfə pozub və nəticədə ən azı 347 fələstinli həyatını itirib.





















