ABŞ ilə İran arasında gərginliyin artmasına baxmayaraq, İsrail təhlükəsizlik dairələri hesab edir ki, Tehran hazırkı mərhələdə İsrailə birbaşa hücum etməyi planlaşdırmır.
Korrekt.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail tərəfi hesab edir ki, İran mümkün hücumun bölgədə genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına səbəb olacağından ehtiyat edir. Rəsmi qiymətləndirməyə əsasən, belə bir addım hazırda qismən nəzarət altında saxlanılan vəziyyəti tamamilə nəzarətdən çıxara bilər.
İsrailli yüksəkvəzifəli mənbə bildirib ki, ölkə ABŞ-nin İrandakı fəaliyyət planlarından xəbərdardır və yalnız Vaşinqton və ya Tehran tərəfindən birbaşa prosesə cəlb olunacağı təqdirdə hərbi müdaxilə məsələsi gündəmə gələ bilər.
“Biz ümid edirik ki, qiymətləndirməmiz yanlış çıxacaq və İran strateji səhvə yol verəcək. Amerikalılar İrandakı məqsədlərimizi və bunun nə demək olduğunu yaxşı başa düşürlər. Hazırda hadisələr müəyyən çərçivələr daxilində davam edir və biz prosesdə iştirak etmirik. Yalnız amerikalılar və ya iranlılar bizi birbaşa cəlb edəcəyi halda müdaxilə edə bilərik”, – deyə mənbə bildirib.
Bununla yanaşı, telekanal ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı ilə bağlı da yeni məlumat yayıb. Bildirilir ki, Qərb kəşfiyyat orqanları Trampın Türkiyəyə səfəri zamanı İran tərəfindən mümkün sui-qəsd hazırlığı barədə Vaşinqtonu əvvəlcədən məlumatlandırıb.
Məlumata görə, mediada daha əvvəl yayılan xəbərlərdə də qeyd olunduğu kimi, təhlükəsizlik səbəbindən Donald Trampın Vaşinqtona qayıdarkən istifadə etdiyi təyyarənin dəyişdirilməsi məhz bu məlumatlarla əlaqəli olub.





















