“Maliyyə bazarında kredit götürərkən ən çox verilən suallardan biri gəlirin neçə faizinin borc ödənişinə yönəldilə biləcəyidir. Lakin bu məsələdə tətbiq olunan sərt və sabit bir faiz limiti mövcud deyil”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib.
Onun sözlərinə görə, əsas prinsip borc tam ödənildikdən sonra qalan gəlirin ailəni saxlamağa və ya təkadamlıq təsərrüfatın xərclərini qarşılamağa bəs etməsidir:
“Gəlir kiçik olduqda, çox kiçik faizlər də təhlükəli və riskli hesab olunur. Buna qarşılıq, gəlir yüksəkdirsə, məsələn, onun 50%-i borc bağlamağa getsə belə, qalan 50% böyük bir məbləğ olduğundan heç bir təhlükə yaratmır.
Gəlirdən əlavə, ailənin və ya borcalanın sahib olduğu sərvətlər də böyük əhəmiyyət daşıyır. Əgər mövcud sərvətlər arasında likvid aktivlər (o cümlədən müxtəlif valyutalar) varsa, borcun faizinin yüksək olduğu hallarda belə bu vəziyyət heç bir problem yaratmır”.
Ekspert qeyd edib ki, bütün bu iqtisadi mexanizmlərlə yanaşı, Mərkəzi Bank tərəfindən də bu sahəyə dair yeni qaydalar qoyulub:
“Kredit götürərkən və borc öhdəliklərini idarə edərkən hər bir ailənin və ya fərdin gəlir strukturu böyük rol oynayır. Ailənin gəlirləri çox aşağıdırsa, borc yükünün hətta 10%-i belə ciddi maliyyə problemlərinə gətirib çıxara bilər.
Əksinə, yüksək gəlirə və ya böyük sərvətə sahib olan şəxslər üçün borcun 70%-ə çatması belə hər hansı narahatlıq yaratmaya bilər. Ailələrin və fərdlərin borc yükünü tənzimləmək üçün Mərkəzi Bank xüsusi qaydalar və limitlər müəyyən edib. Banklar kredit ayırarkən bu tələbləri mütləq nəzərə alırlar.
Əgər şəxsin gəliri yaşayış minimumunun 3 mislindən azdırsa, aylıq borc ödənişləri gəlirin maksimum 40%-dən çox ola bilməz. Gəlir səviyyəsi yüksək olduqda isə bu limit 50% həddində müəyyən edilib. Fərdlər üçün xüsusi “qırmızı xətt” anlayışı olmasa da, Mərkəzi Bankın bu 40% və 50%-lik qaydaları kreditləşmədə əsas sərhəd sayılır”.
E. Rəşidovun sözlərinə görə, kredit kartlarından istifadə edərkən yalnız minimum məbləği ödəməklə kifayətlənmək maliyyə baxımından son dərəcə təhlükəlidir:
“Gecikmə faizləri və əlavə ödənişlər borcun həcmini sürətlə böyüdür. Faizlər o qədər yüksək ola bilər ki, insanın mövcud gəlirləri artıq onları qarşılamağa bəs etmir. Nəticədə borc günü-gündən şişir və fərd “borc bataqlığına” düşür.
Xərcləri ciddi şəkildə ixtisar edərək, ay ərzində yalnız faizləri deyil, borcun əsas hissəsini ( əsas məbləği) ödəməyə çalışmaq lazımdır. Bu, ümumi faiz yükünü yüngülləşdirir.
Qanunvericiliyə uyğun olaraq şəxs özünü müflis elan edə bilər. Müflisliyin mənfi tərəfləri olsa da, həqiqətən bu vəziyyətdə olan fərdlər üçün borcların qanuni şəkildə silinməsi imkanı yaranır.
Kreditlərin refinanslaşdırılması (yenidən maliyyələşdirilməsi) aylıq borc yükünü azaltmaq üçün effektiv vasitədir. Refinanslaşdırma zamanı aylıq ödəniş məbləği azalsa da, ödəniş müddəti (ayların sayı) uzanır. Bu isə borclunun üzərindəki aylıq gərginliyi azaldır və ona vaxt qazandırır.
Mümkün qədər borcdan tez və vaxtında azad olmaq ən yaxşı seçimdir. Lakin aylıq ödənişləri qarşılamaqda çətinlik çəkənlər üçün refinanslaşdırma imkanından istifadə etmək məqsədəuyğundur”.





















