Türkiyədə təxminən 1 milyon nəfərin Ümumi Sağlamlıq Sığortası (GSS) üzrə yığılmış borclarının silinməsi nəzərdə tutulur. Bununla bağlı qanunvericilik dəyişikliyinin Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilməsi planlaşdırılır.
Korrekt.az “Haberler” ə istinadən xəbər verir ki, məsələ ilə bağlı tənzimləmənin geniş əhatəli qanun layihəsinə daxil edilməsi nəzərdə tutulur.
Təklifə əsasən, sosial təminat sığortası olmayan və gəlirləri aşağı olan şəxslərin ödəyə bilmədikləri GSS sığorta haqları üzrə borcları qanunvericilikdə nəzərdə tutulan 10 illik müddət nəzərə alınmaqla silinə bilər.
GSS sistemi Türkiyədə sosial təminat sığortası olmayan şəxslərin səhiyyə xidmətlərindən yararlanmasını təmin edir. Müvafiq sığorta haqqını ödəmək imkanında olmayan şəxslərin borclarının ləğvi ilə bağlı təşəbbüsün təxminən 1 milyon insana fayda verəcəyi gözlənilir.
Məlumata görə, Türkiyə Böyük Millət Məclisində 2027-ci ilin büdcə layihəsi ilə bağlı müzakirələrin dekabrın sonunadək başa çatması gözlənilir. GSS borclarının silinməsi ilə bağlı qanun layihəsinin də büdcə müzakirələrindən sonra parlamentin gündəliyinə çıxarılması planlaşdırılır.
Bununla belə, təklif hələ qanun qüvvəsinə minməyib. Borcların silinməsi ilə bağlı yekun şərtlər parlamentə təqdim ediləcək qanun layihəsindən və onun qəbulundan asılı olacaq.
Türkiyə parlamentində yaxın dövrdə bir sıra digər qanunvericilik təşəbbüslərinin də müzakirəyə çıxarılması gözlənilir.
Bunların arasında boşanma, aliment və ailə hüququ məsələlərini əhatə edən 13-cü Məhkəmə Paketi, tütün məhsullarının istifadəsinə dair yeni məhdudiyyətlər, qida əlavələri ilə bağlı qaydalar və bərpa olunan enerji mənbələrinə dair dəyişikliklər yer alır.
Bundan əlavə, Türkiyənin dəniz ərazilərindəki hüquq və mənafelərinin qorunmasını nəzərdə tutan, “Mavi Vətən” adlandırılan dəniz yurisdiksiyası ilə bağlı qanun layihəsi üzərində də iş aparıldığı bildirilir.
Nəşrin məlumatına görə, bu təşəbbüslərin bir qisminin büdcə müzakirələri başa çatdıqdan sonra parlamentin gündəliyinə daxil edilməsi nəzərdə tutulur.





















