Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Kremldə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerlə geniş tərkibli görüş keçirib. Korrekt.az xəbər verir ki, təxminən beş saat davam edən danışıqların nəticələrini Kreml rəsmiləri şərh edib.
“Kommersant”ın məlumatına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşü “çox faydalı, konstruktiv və məlumatlı” adlandırıb. Onun sözlərinə görə, görüş Donald Trampın göndərdiyi salam və xoş arzuların Putinə çatdırılması ilə başlayıb. Putin isə öz növbəsində həm salamlarını, həm də ABŞ tərəfinin diqqətinə çatdırılması üçün vacib siyasi mesajlarını qarşı tərəfə ünvanlayıb.
Danışıqların əsas mövzusunu Ukrayna münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli təşkil edib. Uşakov bildirib ki, tərəflər ABŞ-ın əvvəllər Moskvaya təqdim etdiyi sənədlərin konkret ifadələrini deyil, onların ümumi mahiyyətini müzakirə ediblər. Rusiya lideri bəzi məqamlarla razılaşıb, digər təkliflərlə bağlı isə iradlarını bildirib.
Kreml rəsmisi qeyd edib ki, danışıqların mərkəzində ərazi məsələləri dayanıb və bu mövzu üzrə hələ də kompromis əldə olunmayıb. Bununla belə, Uşakov bəzi Amerika təkliflərinin potensial olaraq qəbul edilə biləcəyini istisna etməyib.
Görüş zamanı həmçinin Rusiya–ABŞ iqtisadi əməkdaşlığının perspektivləri də müzakirə olunub. Lakin Uşakov bu istiqamətdə real nəticələrin hər iki tərəfin konkret öhdəliklər götürməsindən asılı olduğunu vurğulayıb.
ABŞ tərəfi əvvəlcə 27 bəndlik sənəd təqdim etmişdi. Sonradan bu sənəd yenidən işlənərək dörd ayrı nizamlayıcı sənəd formasında Rusiya tərəfinə təqdim olunub. Danışıqların detalları açıqlanmır və tam məxfi xarakter daşıyır.
Uşakov bildirib ki, tərəflər nümayəndələr və köməkçilər səviyyəsində əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları səviyyəsində mümkün görüş isə yalnız hazırkı prosesdə real irəliləyiş əldə olunacağı təqdirdə gündəmə gələ bilər.
Rusiya prezidenti həmçinin Ukrayna nizamlanması kontekstində Avropa ölkələrinin destruktiv mövqeyini tənqid edib.
Sülh prosesinin danışıqlarla yaxınlaşıb-yaxınlaşmadığına gəlincə, Kreml rəsmisi bildirib: “Daha çox yaxınlaşdığı deyil, bu dəqiqdir.”
ABŞ nümayəndələri görüşün nəticələri barədə prezident Trampa hesabat verdikdən sonra tərəflər arasında təmasların davam etdirilməsi planlaşdırılır.





















